08 may 2024 11:55
242

"Fintex Summit" tədbirinin tarixi açıqlanıb

Mayın 15-16-da Bakıda "Fintex Summit" - Maliyyə və Texnologiyalar Sərgisi keçirəcək.

"İki sahil” Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir ki, sərgi “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusuna həsr olunacaq.

Məlumata görə, sammit “Visa” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində ABA, Azərbaycan Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçiriləcək.

Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparılacaq, müxtəlif ölkələrdən 45 məruzəçinin, 300-ə yaxın tərəfdaş və iştirakçı şirkətin, 1 500 yerli və xarici iştirakçının foruma qatılacağı gözlənilir.

Sammitlə bağlı fikirlərini bölüşən “Visa”nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev tədbirin təcrübə və fikir mübadiləsi üçün Fintex bazarının əsas oyunçularını bir araya gətirən aparıcı platforma olduğunu deyib: “Visa” artıq bir neçə ildir ki, Bakıda keçirilən "Fintex Summit"in tərəfdaşı olmaqdan qürur duyur. “Visa” rəqəmsal ödənişlər sənayesində qlobal lider olaraq Azərbaycana regionda strateji əhəmiyyətli bazarlardan biri kimi baxır. Azərbaycan dinamik inkişaf edir və innovativ texnologiyaların tətbiqinə açıqdır. Biz tədbirdə ölkədə rəqəmsal ödəniş ekosisteminin və nağdsız iqtisadiyyatın inkişafı ilə bağlı qlobal baxışımızı təqdim etməkdən məmnunuq”.

Qeyd edək ki, sammit ölkənin tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya toplayacaq.