02 mart 2017 14:41
321

OPEC daxilində yeni gərginliyin bünövrəsi qoyulur

Neftin uzun müddətdən bəri ucuzlaşmasından sonra sabitliyə nail olmaq məqsədilə razılığa gəlmiş Səudiyyə Ərəbistanı və İran arasında yenidən fikir ayrılığı yaranıb. Belə ki, İran tərəfi neftin barrelinin 55 və ya 60 dolları ötəcəyi təqdirdə  OPEC üzvü olmayan ölkələrin bundan istifadə edərək hasilatı artıracağını bəyan edib. Bu baxımdan İran hasilatın daha azaldılmasını və Vyana sazişinin ilin ikinci yarısına da aid edilməsini vacib sayır.

Səudiyyə Ərəbistanı və onun  körfəzdəki müttəfiqləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qətər isə qiymətlərin ancaq 60 dollar civarında olmasından sonra yeni sərmayələrin cəlb ediləcəyini və neftin qiymətinin 2017-ci  il ərzində bu səviyyəyə çatmasında maraqlı olduqlarını bildirirlər. Ekspertlərin fikirlərinə görə, bu, noyabr ayından indiyədək 35 faizə qədər bahalaşan neftin qiymətinin daha da yüksələcəyi təqdirdə Səudiyyə Ərəbistanı və İranın arasında yeni bir gərginliyə  səbəb olacaq.

Aydın məsələdir ki, İranın neftin qiyməti ilə bağlı arxayın mövqeyi bu ölkənin Vyana sazişi çərçivəsində hasilatın azaldılmasından azad olmasından  irəli gəlir. Digər tərəfdən isə İran hasilatı sürətlə artıraraq sanksiyalardan əvvəlki səviyyəyə çatdırmağa çalışır. Bu isə  hasilatı azaldan ölkələri narazı sala bilər ki, nəticədə neftin qiymətindəki sabitliyə səbəb olmuş saziş də pozula bilər. 

İranı narahat edən məsələ isə neftin qiymətinin daha da artacağı təqdirdə bunun ABŞ-dakı şist neft hasilatçılarını stimullaşdırmasıdır. Lakin bu məsələ tamamilə ABŞ-ın neft strategiyasına bağlıdır. Çünki artıq şist neftinin hasilat xərcinin çox olması da ABŞ-da neft hasilatına əngəl törədə bilmir. Belə ki,  hələ qiyməti 2014-cü ildə hər barrelə görə 59 dollar səviyyəsində dəyişən şist neftinin hasilat xərci 2016-cı ildə 30 dollara qədər enib. Üstəlik prezident Donald Trampın hasilatın məhdudlaşdırılmasına qarşı islahatları, eyni zamanda, vergi təşviqləri ABŞ-da şist nefti istehsalını hər zaman aktual edə bilər.

Qarşı tərəfin narahatlığının əsasında isə sərmayələrin azalması dayanır ki,  son 3 ildə neft hasilatında qiymətin xərclərə təsiri investisiyaların əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bu faktın isə gələcəkdə neft təklifinin azalması ilə nəticələnəcəyi istisna edilmir.

Ceyhun Piriyev, “İki sahil”