Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda inşa edilən körpü istifadəyə verilib
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Ağstafa rayonu ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 avtomobil körpüsünün tikinti işləri tam başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmiryolu üzərindən keçən 34 metr uzunluğu olan körpünün istifadəyə verilməsi münasibətilə mərasim keçirilib. Açılış tədbirində rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, inşaat-mühəndis işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, artıq istifadəyə verilmiş hər 4 körpü əhalinin rahat və təhlükəsiz qaydada gediş-gəlişinə ən yüksək səviyyədə xidmət edir. Körpülərin inşaat işləri çərçivəsində, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülərək yenidən inşa olunub, Kür çayı üzərindəki körpünün isə tarixi əhəmiyyəti nəzərə alınaraq bərpa edilib.
Tədbirdə çıxış edən rayon ziyalıları İbrahim Əliyev və Camal Məmişov Ağstafanın yol-nəqliyyat infrastrukturunun kompleks şəkildə yenidən qurulmasına görə rayon əhalisi adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.