30 noyabr 2018 14:30
2965

Bölgələrin sosial-iqtisadi inkişafı: sənaye obyektlərinin tikintisi davam edir

Bu gün ölkə iqtisadiyyatında ixracyönümlü məhsul istehsalının və onun rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmin edilməsi, yeni iş yerlərinin açılması, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malik olan sənayeləşmənin daha da sürətləndirilməsi, eləcə də müasir texnologiyalar əsasında yeni sənaye müəssələrinin yaradılması istiqamətində mühüm addımlar atılır. İstehsal sahələrinin inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması, xüsusən də ölkənin neft-qaz sənayesinin sürətli inkişafı nəticədə ümumi daxili məhsulun strukturunda sənaye istehsalının payının getdikcə artmasına gətirib çıxarıb.

Hazırda Bakıda, Sumqayıtda, Mingəçevirdə və digər bölgələrdə yeni sənaye obyektlərinin tikintisi uğurla davam etdirilir, bir neçə bölgədə isə sənaye məhəllələri yaradılır.

Təbii ki, bu nəticələrə ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində nail olunub.

Qəbul olunan dövlət proqramları, inkişaf konsepsiyaları, strateji yol xəritələri ölkəmizdə davamlı inkişafın əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyin  daha da artırılmasına böyük töhfələr verib. Demək olar ki, respublikamızın bütün bölgələrində  texnoparklar yaradılır, onların səmərəli fəaliyyəti üçün müasir infrastruktur qurulur. Sənaye və yüksək texnologiyalar parklarının idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlərin nəzərdə tutulması bunun əyani sübutudur.

Respublikamızın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə olunması məqsədilə bütün zəruri tədbirlər görülür.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın  əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır. Ölkə başçısının müvafiq fərman və sərəncamları ilə 2011-ci ildə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı, 2012-ci ildə Yüksək Texnologiyalar Parkı təşkil edilib. Görülən işlərin davamı kimi cari ildə  ölkəmizdə yeni sənaye zonalarının yaradılması ilə bağlı tədbirlər həyata keçirilib, Şəmkir Aqrar-Sənaye Parkı istifadəyə verilib. Mingəçevir Sənaye Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, Qaradağ Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsinin uğurla reallaşdırılması regionlarda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün güclü potensial yaradılmasına əyani sübutdur.

Sumqayıt Texnologiyalar Parkının, Alüminium İstehsalı Kompleksinin və Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Bakıda Gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması, Sumqayıtda neft-kimya sənayesində modernizasiya işlərinə başlanılması və Karbamid Zavodunun inşası, Qaradağda Sement Zavodunun istehsal gücünün artırılması və yeni zavodun inşası, Qazaxda, Naxçıvanda yeni sement zavodlarının tikilib istifadəyə verilməsi qeyri-neft sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Ötən dövrdə ölkədə qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılmış, o cümlədən Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panellər, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulub.   Bu da ölkədə həyata keçirilən sənayeləşmə siyasətinin doğruluğunu bir daha təsdiq edir.

Zahid Rza, “İki sahil”