23 noyabr 2018 18:25
2946

Qıvraq qəsəbəsində yeni binalar inşa olunur

Muxtar respublikanın Kəngərli rayonunda cari ilin ötən dövründə tikinti-quruculuq, abadlıq işləri davam etdirilib. Hazırda rayon mərkəzi olan Qıvraq qəsəbəsində yeni quruculuq tədbirləri həyata keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qəsəbədəki böyük bir ərazidə inşa olunan yeddimərtəbəli 48 mənzilli ictimai yaşayış binası gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.

Mənzillərin 22-si iki, 26-sı isə üçotaqlıdır. Zirzəmidə fərdi qazanxana, anbar, gözəllik salonu yerləşəcək. Burada rayonun müxtəlif idarə, müəssisə və təşkilatları üçün 8 iş otağı ayrılacaq. Binanın ətrafında abadlıq-təmir işləri aparılır, yaşıllıq zolağı salınması üçün hazırlıq işləri görülür.

Digər bir quruculuq tədbiri hərbçi ailələri üçün qəsəbədə inşa olunan yaşayış binasıdır. Biri 4, biri 3, 42-si isə 2 otaqlı olan bina 3 giriş və 5 mərtəbədən ibarətdir.

Hər iki obyektin tikintisini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. İdarənin sahə rəisi Hicran Əliyevin sözlərinə görə, inşaat işlərində keyfiyyət amilinə ciddi önəm verilir, əsasən, yerli materiallardan istifadə olunur, texniki təhlükəsizlik diqqət mərkəzində saxlanılır.

İnşaatçılar onlara həvalə olunmuş obyektlərin tikintisini vaxtında başa çatdırmaq üçün səy və bacarıqlarını əsirgəmirlər.