12 iyun 2024 10:18
705

İmtahan həyatımızın sonu deyil... - EKSPERTDƏN MƏSLƏHƏT

Abituriyentlərin həyatlarında ən vacib anlardan biri yəqin ki, ali məktəblərə qəbul imtahanının keçirildiyi gündür. Bu zaman onlar həyatlarının dönüş nöqtəsində olurlar. Buna görə də imtahandan əvvəl əksəriyyətində stress, aqressiya, gərginlik yaranır. Bu isə bəzi hallarda abituriyentlərin imtahan performansının azalmasına səbəb olur, nəticələrin qənaətbəxşliyinə təsir edir. Psixologiyada imtahan stresi əvvəlcədən öyrənilən biliklərin səmərəli istifadəsinə mane olan və müvəffəqiyyətin azalması ilə nəticələnən sıx narahatlıq olaraq təyin edilir. Bəs, imtahan stresini azaltmaq üçün nələrə diqqət edilməlidir?

Müəllimlər və məktəb psixoloqları diqqət etməlidirlər

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri,  psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva “İki sahil”ə açıqlamasında bu problemlə bağlı fikirlərini bölüşdü: “Həyatda bəzi anlayışlar vardır ki, onların təkcə adını çəkmək belə insanda müəyyən dəyişikliklərə, həyəcana səbəb ola bilir. Bunlardan biri də imtahan anlayışıdır. Bildiyimiz kimi, hər ilin müxtəlif dönəmlərində ölkəmizdə müxtəlif formalarda imtahanlar təşkil olunmaqdadır. Bunlardan sözsüz ki, ən həyəcanla və maraqla gözləniləni abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olunmaq üçün verdiyi imtahanlarıdır. İllərlə oxumaq və bunun bəhrəsini görmək üçün abituriyentlər bir neçə saat ərzində bir növ hesabatını təqdim edirlər. Kimlər üçünsə uğurlu, kimlər üçünsə uğursuz ola bilən bu imtahanlarda xüsusilə ikinci tip tələbələr müxtəlif səbəblər gətirirlər ki, ən çox eşidə biləcəyimiz səbəblər sırasında psxioloji əlamətlər üstünlük təşkil edir.”

Müsahibimiz qeyd etdi ki,  məktəbdə müəllimlərin və məktəb psixoloqlarının da bu dönəmlərdə diqqət etməli məqamlar çoxalır. Aşağı nəticələr əldə etmiş və ya özünə güvən problemi yaşayan şagirdlərlə həm müəllimlər, həm də psixoloqlar söhbət etməli, onları narahat edən problemlər dinlənməli və ehtiyac olarsa bu problemlərin həlli istiqamətində valideynlərlə birgə fəaliyyət göstərilməlidir. Unutmaq olmaz ki, dəstəyi hiss edən abituriyentin özünəinamı daha yüksək olur və bu da imtahanlarda öz müsbət təsirini göstərir. Çox təəssüf ki, bəzən bunun əksinə də şahid oluruq. Xüsusilə hər il qəbul imtahanlarından sonra mütəmadi aşağı nəticə göstərmiş bəzi abituriyentlərin intihar xəbərlərini eşidirik. Əksər hallarda səbəb kimi özləri və ailələri üçün bu imtahandan kəsilmənin son məqam olduqlarını düşünür və bu yolu seçirlər.

Psixoloqun sözlərinə görə, abituriyentlərin qəbul imtahanlarına psixoloji baxımdan hazır olması çox vacibdir. Çünki imtahanqabağı təşviş və imtahan zamanı həyəcan və stresin yüksək həddə çatması abituriyentlərin intellektual fəallığına mənfi təsir göstərir. Bu səbəbdən də yüksək hazırlıqlı abituriyentlərin bəziləri imtahanda yaxşı nəticə göstərə bilmir. İmtahan həyəcanı, stress, qorxu hissi, gərginlik onlara imkan vermir ki, özlərini toplayıb sualları cavablandırsınlar.

İmtahana daxil olmağa saatlar qalmış...

Təəssüflər olsun ki, imtahan yalnız uşaqları deyil, hətta böyükləri də vahiməyə salır. Ailələr bu kimi hallarda övladlarını başa düşməli, onlara haqq qazandırmalıdırlar. Valideynlər övladlarına imtahanın həyati əhəmiyyət kəsb etdiyi fikrini aşılamağa başlayırlar. Bu səbəbdən həmin uşaqların beynində imtahandan aşağı bal yığarsa həyatının məhv olacağı barədə fikir formalaşır. Bəzən onlar imtahandakı uğursuzluğu həyatlarının sonu kimi qəbul edirlər. “Bu nə dərəcədə doğru rəftar metodudur”  sualına mütəxəssisin cavabı belə oldu: “İmtahana sayılı günlər qaldıqda istər abituriyentlərdə, istərsə də valideynlərdə həyəcan maksimum həddə çatır. Bəzən abituriyentlər doğru düşündükləri yalnışlıqları etməklə əslində özlərini riskə atırlar. Bəzi abituriyentlər hətta imtahana daxil olmağa saatlar qalmış yenidən oxumaqla daha dəqiq cavab verə biləcəklərini düşünürlər. Amma bu, heç də düzgün hesab edilmir.  Ümumiyyətlə, imtahan öncəsi aşağıda qeyd edəcəyim bəzi məsələlərə diqqət edilməsi məqsədəuyğundur.

İmtahanqabağı yuxu çox önəmlidir. Gündə ən azı 7-8 saat yatmağa çalışın.

Qida rejiminizə mütləq şəkildə fikir verin.

Tapşırıqları planlı və fasiləli şəkildə yerinə yetirin.

Fasilə zamanı və dərsləri bitirdikdən sonra təmiz hava alın.

Müsbət fikirlərə köklənin.

Ətrafınızda sizi ruhdan salacaq insanlarla məsafə saxlamağa çalışın.”

Həmsöhbətimiz vurğuladı ki, imtahan ərəfəsində valideynlər mümkün qədər həyəcanlı olduqlarını övladlarına büruzə verməməlidirlər. Ata, ana narahat, qayğılı, həyəcanlı olursa, bu, təbii ki, uşağa da təsir edir. Ata və anasını gərgin, stresli görən uşaq da istər-istəməz həyəcanlanır, narahatlıq keçirir. Nəzərə almaq lazımdır ki, imtahana hazırlıq mərhələsi abituriyentlərin valideynlərinə ən çox ehtiyac hiss etdiyi dövrdür. Odur ki, ailə üzvləri imtahan ərəfəsində övladlarına lazımı dəstəyi, qayğını və diqqəti göstərməlidirlər. Valideynlər uşaqlarına qarşı daha həssas olmalı, etdikləri hər bir hərəkətdə, işlətdikləri hər bir ifadədə, sözlərdə çox ehtiyatlı olmalıdırlar. Valideynlər gərək uşağı təlaşlandırmasınlar, həyəcanlandırmasınlar, qorxutmasınlar. Əksinə, övladına dəstək verib, hər şeyin yaxşı olacağını, nəticə nə olursa olsun hər zaman onun yanında olduqlarını desinlər. İmtahana gedən uşağın yanında psixi gərginlik gətirən ifadələr işlətmək qətiyyən yolverilməzdir. Unutmaq olmaz ki, imtahan həyatımızın sonu deyil.

Yaqut Ağaşahqızı, “İki sahil”