KÖŞƏ

Vəli İlyasov

Dağılan Müsavat...

20 dekabr 2017 00:06
3090

Bu günlər Müsavat Partiyası başqanın müavini Elman Fəttahın vəzifəsindən istefa verməsi barədə ciddi müzakirələr aparılır. İstefa barədə danışanların hamısının fikri demək olar ki, eynidir. Yəni Elman Fəttah partiyadakı fikir ayrılıqlarına görə qurumu tərk edib. Belə çıxır ki, demokratiyadan dəm vuranların özlərində fikir ayrılıqlarına dözüm yoxdur. Məsələn, partiya başqanının digər müavini Tofiq Yaqublu: “Çünki partiyada fikir ayrılığı var. Düzdür, Elman Fəttah mənim Milli Şurada olmağımı istəmir. Ancaq bu istefa mənimlə bağlı deyil, onun dediyi fikir ayrılığı var.” Ancaq “fəaliyyətdə” olan müavin ümumi sözlərlə kifayətlənib və fikir ayrılıqlarının nədən ibarət olması barədə bir kəlmə deməyib.

Əslində həmişə narazılıqların hökm sürdüyü Müsavatda Arif Hacılının başqan “seçilməsi” bu tendesiyanı bir qədər də genişləndirib. Çünki Arif Hacılı demokratik qaydada seçilmədi, o, keçmiş başqan İsa Qəmbər tərəfindən təyin edildi. Ona görə də  Arif Hacılı başqan olandan dərhal sonra onun əleyhinə səs verənləri və özü kimi düşünməyənləri partiyadan uzaqlaşdımağa başladı. Buna görə də istefalar zəncirvari şəkil aldı.

İstefa verib Müsavatdan uzaqlaşmış şəxslər bildirirlər ki, həmin seçkidə iki nəfərin başqan seçilmək şansları vardı. Onlar Qubad İbadoğlu və Tural Abbaslı idilər. Lakin İsa Qəmbər sıravi partiya üzvlərinin seçiminin əleyhinə gedərək Arif Hacılını başqan kürsüsündə əyləşdirdi. Bununla da partiyadan kütləvi qopmaların sayı artdı. Etiraz əlaməti olaraq Qubad İbadoğlu, Ellada Məmmədli, Vurğun Əyyub, Hüseyn Məlik və bir çox funksionerlər Müsavatı tərk etdilər. Onlar Arif Hacılını bacarıqsız, siyasətdən uzaq, öz şəxsi ambisiyalarına xidmət edən karyerist kimi xarakterizə edərək bildiriblər ki, o, başqan kimi öz yerində deyil və  partiyanın dağılmasında məsuliyyət daşıyır.

Son vaxtlar Müsavatda daha bir səbəb istefaların genişlənməsinə şərait yaradır. Bu, “siyasi mühacir” biznesidir. Partiyanın Divan üzvü Alya Yaqublu bir neçə gün əvvəl partiya rəhbərliyini Avropa ölkələrinə mühacir kimi getmək istəyən şəxslərə saxta üzvlük bileti və arayış satmaqda ittiham edib. Maraqlı burasıdır ki, bütün bunlara görə cavab verməli olan partiyanın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı deyilənləri böhtan adlandırsa da, təşkilatdakı funksionerlərin uzun illər bu işlə məşğul olmaları barədə  faktların heç birinə aydınlıq gətirə bilməyib.

Arif Hacılını bir də onda ittiham edirlər ki, o, partiyanın birliyini saxlayan adamları oradan uzaqlaşdırıb və guya demokratik addım ataraq müxtəlif fikirli şəxsləri partiyanın rəhbərliyinə gətirib. Müxtəlif ambisiyalara malik olan həmin şəxslər isə partiyanın daxilində rəxnə salıblar.

Keçmiş müsavatçı, hazırda Ağ Partiyanın sədri olan Tural Abbaslı bildirir ki, Müsavatı daha ciddi problemlər gözləyir. Bugünkü rəhbərliyin partiya daxilində heç bir nüfuzu yoxdur. Rəhbərlikdəkilər biri-birlərinin əleyhinə çalışırlar, Ən pisi isə odur ki, rayon təşkilatları partiya rəhbərliyinin fikirlərini saya almır, öz bildikləri kimi hərəkət edirlər. Bütün bunlar Müsavatın acınacaqlı sonunu daha da yaxınlaşdırır.