28 iyun 2024 12:18
184

YAP Xətai rayon təşkilatının Zığ yolu 22 ünvanı üzrə ərazi partiya təşkilatında yeni üzvlərə vəsiqələr təqdim olunub

İyunun 28-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının  Zığ yolu 22 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycanın, həmçinin ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının uğurlarından, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə doğru atılan addımlardan geniş bəhs edib. Bildirib ki, dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində hər gün müstəqillik tariximizə uğur səhifəsi kimi yazılır. Azərbaycanın bugününü dünəni ilə müqayisə etdikdə müstəqillik yolumuzun heç də hamar olmadığı özünü qabarıq şəkildə büruzə verir. Dövlətimizin başçısı İlham Əliyev daim belə bir çağırışı səsləndirir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələlərinin müqayisəli təhlili əsasında  indiki və gələcək nəsillərə Azərbaycanın keçdiyi inkişaf yolu barədə  dəqiq  məlumatlar verilməli, ən əsası bugünümüz üçün kimə borclu olduğumuzu bilməliyik.

Vüqar Rəhimzadə bildirib ki,  Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Bu yol ölkəmizə bundan sonra da davamlı uğurlar qazandıracaq. Hazırda tarixi Zəfərimizin reallıqları fonunda  işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, soydaşlarımızın doğma yurd-yuvalarına mərhələli şəkildə  qayıdışı, dövlətimizin başçısının sakinlərlə görüşlərində yeni  qayıdış ünvanlarının  müjdəsini çatdırması və sair kimi biri-birindən mühüm tarixi məqamlar Azərbaycanın hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olduğunu nümayiş etdirir.

YAP Xətai rayon təşkilatının sədri diqqəti iyunun 15-də Şuşada partiyanın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransa yönəldərək vurğulayıb ki, hər bir tədbir əhatə etdiyi mövzu ilə bağlı reallıqların ictimaiyyətə çatdırılması ilə yanaşı, müəyyən çağırışları özündə ehtiva edir. Türk dünyasının böyük bir ailə olduğunu ən yüksək tribunalardan bəyan edən dövlətimizin başçısı İlham Əliyev “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində də bildirdi ki, son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər.  Bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan yerləşdiyi coğrafi məkana görə daim ölkələri, xalqları bir araya gətirən mərkəz kimi dünyanın diqqətindədir. Ölkəmizin dünyaya birlik, həmrəylik, dostluq çağırışları xarici siyasətimizin əsas prinsiplərinin təqdimatında əhəmiyyətli rol oynayır. Bu birlik, həmrəylik cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərində mühüm yer tutur. Bu baxımdan  partiyanın təşkilatçılığı ilə  Şuşada keçirilən beynəlxalq konfransın türk dünyasının birliyi üçün önəmi bu gün də geniş təhlil olunmaqdadır.

Tədbirdə çıxış edən partiya üzvləri Günel Qəmbərova, Nəzakət Kərimova Leyla Məmmədova qeyd ediblər ki, güclü, qüdrətli, tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycan hər birimizin qürur mənbəyidir. Bugünümüzün gerçəklikləri Ulu Öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində yer alan bu əminliyin təsdiqidir. Belə ki, Ümummilli Lider cənab İlham Əliyevə Özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyini  bildirərək onu da qeyd etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı,  xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab  İlham Əliyev başa çatdıra biləcək. 

Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim olunub.