02 iyul 2024 22:32
177

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

İyul ayının 2-də Biləsuvar rayonun Aşağı Cürəli kəndində Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Qeyd edildi ki, Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad olunmasına yol açan, Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə yazılan döyüşlərdən biri də məhz Tovuz döyüşləridir. Bu döyüşlər də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu, düşmən hücumlarının qarşısı qətiyyətlə alındı.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Şəhid baş leytenant Mahmudov Rəşad Rəşid oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Şəhid baş leytenant Rəşad Mahmudovun simasında Azərbaycanın ərazi bötüvlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan bütün qəhrəman oğullarımıza Allahdan rəhmət diləyirik!