1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar SOCAR-ın idarə və müəssisələrində tədbirlər keçirilmişdir
“Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ərazisindəki meydançada təşkil olunmuş mülki müdafiə təlimində Mülki Müdafiə qüvvələrinin düzülüşünə baxış keçirilmiş, iştirakçıların istifadəsində olan qurğu və avadanlıqlar nümayiş olunmuş, şəxsi heyətin xidməti vəzifələri ilə bağlı bilikləri yoxlanılmış, rəy və təklifləri dinlənilmiş, onlara müvafiq təlimatlar verilmişdir. Tədbirin ikinci hissəsində Etilen-polietilen zavodunun Etilen istehsalatındakı şərti texnogen qəza ilə bağlı məşq keçirilmişdir. Şərti qəzadan sonra işçilərin təxliyəsi, dağıntıların altından insanların xilas edilməsi, eyni zamanda baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan məşq zamanı ərazidəki vəziyyət barədə məlumat toplanılmış, xilasetmə manqaları tərəfindən şərti qəza zamanı keçirilməsi zəruri olan əməliyyatlar nümayiş etdirilmişdir. Müvafiq təhlükəsizlik təlimatlarına uyğun olaraq keçirilmiş təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda da “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Zavodun direktoru vəzifəsini icra edən Əliağa Səfərov 1 Mart - Beynəlxalq Mülki Müdafiə gününün yaranma tarixindən, mülki müdafiə orqanları qarsında duran əsas vəzifələrdən, fövqəladə halların qarşısının alınması istiqamətində həyata keçirilən zəruri tədbirlərdən danışmış, mülki müdafiə tədbirlərinin əhəmiyyətindən söz açmışdır. Zavod ərazisində, o cümlədən inzibati binada mülki müdafiənin təşkilati əsasları, mülki müdafiə işlərinin aparılması və fəlakətlər zamanı davranış qaydalarını əks etdirən məlumat lövhələri nümayiş etdirilmişdir. Bildirilmişdir ki, hər bir əməkdaş mülki müdafiə ilə bağlı biliklərini mütəmadi artırmalı, ehtimal olunan fəlakətlər zamanı mühafizə işinin üsul və qaydalarını mənimsəməlidir. Tədbirdə həmçinin “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda mühazirə oxunmuşdur.
“Qaz ixrac” İdarəsində təşkil edilmiş tədbirdə əvvəlcə, mülki müdafiə üzrə fərdi mühafizə vasitələrini, dozimetrik nəzarət cihazlarını, xəbərdaredici siqnalları, mülki müdafiə haqqında məlumatları əks etdirən sərgiyə baxış keçirilmişdir. İdarənin rəisi Qağaməli Seyfullayev mövzu ilə bağlı ətraflı çıxış etmiş, görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən söz açmışdır. Bildirilmişdir ki, İdarədə 3 dəfə obyekt məşqi, 4 dəfə rəhbər heyətin məşqi və 8 dəfə mülki müdafiə qüvvələrinin xəbərdarlıq-toplanış məşqli, Magistral Qaz Kəmərləri sahələrində 28 dəfə rəhbər heyətin məşqi və 56 dəfə Mülki Müdafiə qüvvələrinin şəxsi heyəti ilə xəbərdarlıq-toplanış məşqi keçirilmiş, bütün bu tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Tədbirdə videoçarxlar nümayiş etdirilmiş, bu sahədə maarifləndirmə və təbliğat işinin gələcəkdə daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Qaz Emalı Zavodunda Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar keçirilmiş iclasda fövqəladə vəziyyəti yaradan səbəblərin aradan qaldırılması, mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqləri barədə ətraflı məlumat verilmiş, mülki müdafiə avadanlıqlarının iş prinsipləri nümayiş etdirilmişdir. İştirakçılar tədbirin təşkilindən razı qalmış, Fövqəladə Hallar Nazirliyinə minnətdarlıqlarını bildirmişlər.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb