Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi
Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana suverenliyini bərpa etdiyi üçün sanksiya tətbiq etməsi bu qurumun ədalət və beynəlxalq hüquqa hansı meyarlar əsasında yanaşdığına işıq salır
Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllinə, eyni zamanda, demokratik inkişafa yanaşmada Azərbaycan hər zaman dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalıb. Dövlətimizin başçısı bütün çıxışlarında ikili standtarlara əsaslanan siyasətin yaratdığı problemlərdən geniş bəhs edərək bu mühüm məqamı da xüsusi qeyd edir ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ölkəmizə qarşı əks təbliğat kampaniyası daha açıq müstəviyə keçdi. Bu ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarı da bunun təsdiqidir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olundu. “Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?!” söyləyən cənab İlham Əliyev bildirdi ki, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəldik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?! Cənab İlham Əliyevin «Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik» çağırışı ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən və bunun hər an atdıqları addımlarında nümayiş etdirən Avropa institutlarına, o cümlədən Avropa Şurası rəsmilərinə ciddi mesaj oldu.
Demokratik dəyərlərə sadiqlik
Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmiz demokratik dəyərlərə sadiqliyini atdığı hər bir addımında təsdiqləyir. Cənab İlham Əliyev hər zaman bu məqamı da vurğulayır ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə insan amilinə verilən dəyər atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü və artıq reallığa çevrilən “Neft kapitalını insan kapitalına çevirək!” tezisi də bunun bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 17 iyun 2007-ci il tarixli Fərmanı ilə Azərbaycanda İnsan Hüquqları Gününün təsis edilməsi də deyilənlərin təsdiqidir. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın qəbulu da insan amilinə diqqətin təzahürüdür. Həmçinin Milli Konstitusiyamızın qəbulundan ötən 29 ilə yaxın dövrdə ali sənədə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də dövlətimizin yeniləşməyə, təkmilləşməyə nə qədər maraqlı olduğunu təsdiqləyir. Əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində yeniləşməyə xidmət edir.
Ölkəmiz daim qərəzli təbliğatlarla üz-üzədir. Prezident İlham Əliyev müsahibələrinin birində “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabındə bildirmişdir ki, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizdən çoxunu təşkil edir. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir.
33 ilə yaxın müstəqillik tarixinə malik ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev bildirir ki, biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq. İqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür. Azərbaycanın demokratiya təcrübəsi nümunədir.
Bizim nümayəndə heyətimizin fəaliyyəti bərpa edilməlidir
Dövlətimizin başçısı İlham Əliyev İtaliyaya səfəri zamanı “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında da bu kimi məqamlara xüsusi diqqət yönəltdi. Moderatorun «Bu günlərdə ölkəniz Avropa Şurasının Parlament Assambleyasının bir sıra üzvlərini arzuolunmaz şəxs elan edib. Onların sırasında 5 italyan deputat da var. Bu, körpülərin qurulması, diplomatiyanın əhəmiyyəti və təmasların genişləndirilməsi ruhuna bir qədər ziddir» sualına cavabında ölkə Prezidenti bildirdi ki, bu suala ətraflı cavab vermək üçün 20 il keçmişə qayıtmaq istəyirəm. Azərbaycan o zaman, 2001-ci ildə Avropa Şurasına üzv olub. O zaman parlamentin üzvü idim və Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin ilk rəhbəri idim. Yəni, 2001-ci ildən etibarən orada idik. Bu illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik və sair. «Lakin bu ilin yanvar ayında baş vermiş hadisə qırmızı xəttin keçilməsi olub» bildirən cənab İlham Əliyev özlüyündə yaranan «Bu, nədən baş verdi» sualına cavabında bildirdi ki, ötən il suverenliyimizi tam şəkildə bərpa etdik. Ötən ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sadəcə bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq. Buna səs verənlər bizi Avropa Şurasında görmək istəməyənlərdir. Yəni, Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi: «Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq. Mən təəssüf edirəm ki, İtaliya parlamentinin üzvləri bu qərarın lehinə səs veriblər. Səmimi desəm mən 70-dən artıq şəxsdən ibarət bu siyahıda olanların adlarını bilmirəm. Ancaq vəziyyəti yaxşılaşdırmaq üçün imkan var. Bizim nümayəndə heyətimizin fəaliyyəti bərpa edilməlidir və o zaman bu qadağa aradan qaldırılacaq.»
İkili standartların fəsadları
Reallıq budur ki, Azərbaycanın müstəqil siyasəti, beynəlxalq münasibətlər sistemində fəal rolu daim bəzi dünya güclərinin qısqanclığına səbəb olur. Bu isə öz növbəsində həqiqətdən uzaq fikirlərin yayılmasına, əsassız təbliğatlara yol açır. Bu gün suverenliyimizin tam bərpası, işağldan azad edilmiş ərazilərimizdə qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın dalğalanması fonunda bəzi dairələrin ikili standartlara əsaslanan siyasətini görməkdən təəccüblənmirik. Belə təbliğatlar heç zaman Azərbaycann yürütdüyü siyasətə təsir etmək imkanında ola bilməz. Çünki hər zaman ədalət və beynəlxalq hüquq Azərbaycan dövlətinin siyasətinin önündə dayanır. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərində də informasiya cəbhəsindən üstünlüyü əhəmiyyətli rol oynadı. Bəzi dünya gücləri, beynəlxalq təşkilatlar öz maraqlarını həyata keçirmək üçün ədaləti və beynəlxalq hüququ tapdalamaq yolunu seçməklə özlərinə qarşı bir inamsızlıq mühiti yaradırlar ki, bunun dövlətlərarası münasibətlərə nə qədər təsir göstərdiyinin fərqində deyillər. Amma unundurlar ki, zamanında işğalçı Ermənistana ciddi sanksiyalar tətbiq etsəydilər müharibə yaşanmazdı. İşğalçı ilə işağla məruz qalan ölkələri eyni vaxtda üzv qəbul edən Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana suverenliyini bərpa etdiyi üçün sanksiya tətbiq etməsi bu qurumun ədalət və beynəlxalq hüquqa, demokratik prinsiplərə hansı meyarlar əsasında yanaşdığına işıq saldı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildikdən sonra keçirilən qurumun ilk iclasında bu beynəlxalq təşkilatın tribunasından səsləndirdiyi «Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropa Şurasına bir o qədər gərəkdir» çağırışı özündə bütün məqamları ehtiva etmişdir. Azərbaycan kimi ədaləti, beynəlxalq hüququ öndə saxlayan, demokratik prinsiplərə sözdə deyil, əməldə sadiq olan bir ölkə ilə əməkdaşlıq hər bir ölkəyə, beynəlxalq təşkilata uğur gətirə bilər.
Yeganə Əliyeva, "İki sahil"