Ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifbaya sahib olmaqlarının tarixi əhəmiyyəti var
Dil və əlifba hər bir xalqın varlığını, mövcudluğunu təsdiq edən başlıca amillərdəndir. Tarix boyunca müxtəlif xalqlarla qarşılıqlı əlaqələr quran, fərqli dini inanclara inanan türk xalqları bir-birindən fərqli türk dil sisteminə uyğun olan və ya olmayan çoxsaylı yazı sistemindən istifadə etmişlər. Zərurət və zamanın tələblərinə uyğun şəkildə, məcburiyyətdən qəbul edilən bu yazı sistemlərinə göytürk (runik), mani, soqd, brahmi, uyğur, ərəb, kiril, latın əlifbaları aiddir. Elmi ədəbiyyatda çox vaxt yanlış olaraq run və ya runik yazı adlandırılan göytürk, yaxud Orxon-Yenisey yazısının nə vaxt və harada yaranması haqqında indiyədək yalnız fərziyyələr irəli sürülmüşdür. Türkcənin türklər tərəfindən yazıldığı ilk əlifba göytürk yazısıdır. Göytürklərdən sonra dövlət idarəçiliyini ələ keçirən uyğurların hakimiyyəti dövründə istifadə olunan türk yazıları türk tarixinin fərq baxımından ən rəngli əlifbalarıdır. Bu dövrdə uyğur, soğd, mani, brahmi, tibet, süryani kimi yazı sistemləri ilə bir çox uyğur türkcəsi mətnləri qeyd edilmişdir. Türk ədəbi dilləri bir-birindən elə də ciddi şəkildə fərqlənmir. Həm genetik, tipoloji, həm də qrammatik quruluşları, əsas lüğət tərkiblərinin ümumilikləri onların bir dil ailəsində - türk dilləri ailəsində birləşməsinə səbəb olmuşdur. Məhz bu dil qrupunun, demək olar ki, hamısı bir-birini elə bu ümumiliyə görə rahat şəkildə başa düşə bilirlər.
XX əsrin əvvəllərindən indiyədək ortaq türk əlifbası problemi bir zərurət kimi türkdilli xalqların hər birinin maraq dairəsində olmuşdur. Aydındır ki, türk xalqları üçün ortaq əlifba məsələsi həll olunmadan onlar arasında ortaq ünsiyyəti və ortaq imlanı yaratmaq mümkün olmazdı. Nəhayət, bu tarixi addım gerçəkləşdi. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlindi. Bu barədə açıqlamanı Qazaxıstanın paytaxtı Astanada yerləşən Türk Akademiyası yayıb. Bildirilib ki, sentyabrın 9-11-də Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası keçirilib. Açıqlamada TDT-yə üzv ölkələrdən ibarət Türk Dünyası Birgə Əlifba Komissiyası üzvlərinin iştirak etdiyi iclasın uğurla başa çatdığı vurğulanıb. İclasın əsas məqsədi ortaq əlifba üzrə işləri yekunlaşdırmaq olub. Bu sahədə əldə edilən məlumatlardan və komissiyanın 2 illik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün əlifba layihəsi elan edilib. 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Məlumata görə, əlifba ilə bağlı ilk dəfə 1991-ci ildə elm adamları tərəfindən təşəbbüs irəli sürülüb. Latın əlifbası əsasında Ortaq Türk Əlifbası layihəsinin hərtərəfli nəzərdən keçirildiyi və komissiya üzvlərinin bu əlifba layihəsində hazırlanması lazım olan məsələlərlə bağlı uyğun qərarlar verildiyi vurğulanıb. Açıqlamda aşağıdakılar qeyd edilir: “Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbada hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir”. Göründüyü kimi, ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifbaya sahib olmaqlarının müstəsna əhəmiyyəti var.
Xatırladaq ki, elmi-təcrübi əsası M.F.Axundov tərəfindən hələ XIX əsrdə qoyulan yeni ortaq əlifba məsələsi XX əsrin əvvəllərində bir daha aktuallaşdı və türk xalqları arasında birinci olaraq 1922-ci ildə Azərbaycanda ümumtürk səciyyəli latın əlifbasına keçid reallaşdı. Az sonra türkdilli xalqların böyük əksəriyyəti bu əlifbanı qəbul etdi. Lakin siyasi səbəblərdən, daha dəqiq desək, türk xalqlarının bir-birinə daha da yaxınlaşmasına qısqanclıq səbəbindən bu layihəni tam həyata keçirmək mümkün olmadı. Sovet liderlərinin repressiya siyasəti latın qrafikalı ortaq türk əlifbasına münasibətdə də özünü göstərdi. Heç 20 il keçməmiş Sovet İttifaqının daxilində yaşayan türk xalqlarının əlifbası məcburi surətdə rusların istifadə etdiyi kiril əlifbası ilə əvəz edildi.
1930-cu illərin əvvəllərində Sovetlər Birliyi tərkibindəki türk toplumlarının əlifbalarını ortaq yazı sistemi ilə latın əlifbasına çevirmək üçün yaradılan Ortaq Türk Əlifbası araşdırması əslində bu sahədəki təşəbbüslərin əsasını təşkil edir. Sibirdəki türk boylarından biri olan Sahalar 1917-ci ildə türk dünyasında latın əlifbasından istifadə edən ilk tayfadır. Eyni bölgədə tuvalılar uzun müddət monqol əlifbasından istifadə edərək 1930-cu ildə latın əlifbasına keçiblər. Lakin sonradan tuvalılar kiril əlifbasını qəbul ediblər. Uzun illər latın əlifbasından istifadə edən Türkiyə türklərinin, Azərbaycan və Türkmənistanın əlifba dəyişikliyinin qəbul edilməsində və həyata keçirilməsində böyük təsiri olub. Qrammatik qaydalara və lüğət tərkibinə görə bir-birinə çox yaxın olan Azərbaycan türkcəsi, türkmən türkcəsi və Qaqauz türkcəsinin latın əlifbası ilə yazılmağa başlaması ortaq əlifba üçün mühüm əsas təşkil edir. Sovet hakimiyyətinin mövcud olduğu bütün dövr ərzində ümumtürk əlifbası və imlası problemi öz aktuallığını saxlamaqda davam etdiyindən imperiya dağılan kimi bu ideya yenidən aktuallaşdı və bir çox türkdilli dövlətlərdə latın əlifbasına qayıdış baş tutdu. İftixarla deyə bilərik ki, bu ideyanı ilk dəfə gerçəkləşdirən Azərbaycan dövləti və xalqı oldu. Latın əlifbası türk dövlətləri arasında ilk dəfə Azərbaycanda istifadə edildi.
Burada çox önəmli olan bir faktı xatırladaq. Hələ 98 il bundan öncə Ortaq Türk Əlifbası ilə bağlı ilk müzakirələr də məhz Bakıda baş tutmuşdu. 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda keçirilən Türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi Birinci Türkoloji Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlandı. Belə ki, Birinci Türkoloji Qurultayda qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. Bu qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşdü. Qurultayın işində Sovet İttifaqı məkanında yaşayan türk xalqları ilə yanaşı, xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkkirlər iştirak edirdi. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyırdı. Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə — Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim, akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi, professor F.F.Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmet Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rahim İnogomov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Umar Əliyev seçilmişdilər. Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen qurultayın Rəyasət Heyətinə fəxri üzvü olmuşdular.
Lakin qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi hadisələrlə yadda qaldı. Qurultayın işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək represiyaya uğradı. Əksər alim və müttəfəkkirlər həbs və fiziki məhvlə üzləşdilər. Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbaya keçidi isə düz 10 il sonra 1939-cu ildə ləğv edildi və Sovet İttifaqı ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq kiril əlifbalı yazı tətbiq edilməyə başlanıldı.
Sevinc Azadi, “İki sahil”