17 sentyabr 2024 22:00
296

Azərbaycan və Tailand Badminton Assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və Tailand Badminton Assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, Memorandumu Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Tailand Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dünya Badminton Federasiyasının vitse-prezidenti, Tailand Badminton Assosiasiyasının Prezidenti Patama Lisvadtrakul imzalayıb.

Sözləşməyə əsasən bir çox sahələrdə əməkdaşlıq proqramının həyata keçirilməsi, o cümlədən badmintonçuların hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə təlim-məşq toplanışlarının keçirilməsi, məşqçilərin təkmilləşdirilməsi üçün kursların təşkili, hakimlərin hazırlanması, idman infrastrukturunun inkişafı və idarə edilməsi sahələrində təlim və bilik mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

P. Lisvadtrakul Azərbaycana ilk dəfə səfər etməyindən məmnun qaldığını, ölkənin nüfuzlu yarışlara ev sahibliyi etməklə dünya idmanının təbliğində böyük rol oynadığını və böyük nüfuza malik olduğunu söyləyib. O, həmçinin imzalanan sənədin əməkdaşlıq üçün çox mühüm olduğunu bildirib:

Qeyd edək ki, 1950-ci ildə yaradılmış və Asiyanın güclülərindən olan Tailand Badminton Assosiasiyası dünya komanda reytinqində 8-ci sırada qərarlaşır.