21 sentyabr 2024 11:24
294

“İmarət” stadionunda oynamış futbolçu: Bütün “Qarabağ”sevərləri bu stadionun açılışında görmək istəyirəm

Bu xəbəri eşidəndə çox fərəhləndim. 30 ildir öz dədə-baba torpaqlarımıza həsrət qalmışdıq. Bir ağdamlı kimi sevincimizin həddi-hüdudu yoxdur. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə möhkəm cansağlığı versin. Çox xoşbəxtik ki, komandamız 30 ildən sonra doğma yurduna, elinə, obasına qayıdacaq”.

“İki sahil” xəbər verir ki, bu sözləri azərtac-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Səttar Əliyev Prezident İlham Əliyevin sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyması barədə danışarkən deyib.

1984-2004-cü illərdə Ağdam təmsilçisində forma geyinmiş veteran futbolçu bu sevinci yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə, şəhidlərə və qazilərə minnətdarlığını bildirib: “Ana və atalarımızın orada xatirələri qalıb. 30 ildir öz yurdumuzdan didərgin düşmüşdük. Nəhayət dövlət başçımızın müdrik siyasəti nəticəsində torpaqlarımıza gedib rahatlıq tapdıq. “Qarabağ” klubunun təsisçilərindən olan sabiq futbolçu və baş məşqçimiz Adil Nadirov sağlığında komandamızın avrokubok oyunlarını Ağdamda keçirməyini, İspaniyanın “Barselona”, “Real Madrid”, İtaliyanın “Yuventus” kimi nüfuzlu klubları ilə “İmarət”də mübarizə aparmağını arzulayırdı. Ağdam mənim öz evimdir. Burada mənim atamın və anamın ruhu var. Uzun illər keçsə də, bu torpaqlar mənim üçün hər zaman əziz olub. Orada çox gözəl günlər keçirmişik. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovla birlikdə oynamışıq. Digər Milli Qəhrəmanımız Asif Məhərrəmov (Fred Asif) bizim matçlarımızı izləyib. Doğma yurdumuzdan çıxanda söz vermişdik ki, bu komandanı yenidən Qarabağa qaytaracağıq. İndi futbolçu kimi qayıtmasaq da, məşqçi kimi geri dönürük. Fred Asif Birinci Qarabağ müharibəsi zamanı bizi döyüşməyə qoymadı. O, bizə dedi ki, siz futbolda döyüşməlisiniz. Stadionumuzun açılışı üçün Ağdama gedəndə ilk olaraq onların məzarını ziyarət edəcək və deyəcəyik ki, ruhunuz şad olsun, komandamızı el-obamıza qaytardıq. 2020-ci ilə kimi bu günlərin sadəcə xəyalını qururduq. Amma bu gün Adil Nadirovun da ruhu şaddır. Nəinki komandamızın azarkeşləri, bütün qarabağlılar bu xəbəri həsrətlə gözləyirdilər. Çünki Qarabağda yaşayan əhalinin böyük bir qismi klubumuzun oyunlarına Bakıda gəlib baxa bilmir. Artıq ürək rahatlığı ilə oyunu öz torpaqlarında izləyə biləcəklər. SSRİ dövründə biz Ukrayna, Rusiya və Belarus klubları ilə eyni qrupda oynayırdıq. O qarşılaşmalar zamanı yaxın rayonlardan – Bərdə, Ağcabədi və Yevlaxdan bizim matçlarımızı izləməyə gəlirdilər. Ümid edirəm ki, yenə rayon camaatı komandamızın ev oyunlarına maraq göstərib, stadionu tam dolduracaq. Sevinirəm ki, futbol ab-havası yenidən Ağdama qayıdacaq”.

O, 30 il ərzində xəyalını qurduğu, gerçəkləşdirmək üçün səbirsizləndiyi arzusunu da etiraf edib: “Bir ağdamlı və “Qarabağ”ın şərəfini 20 il qorumuş futbolçu kimi həmişə arzulamışam ki, Ağdama qayıdanda komandamızın veteranları ilə birgə elimizdə “Qarabağ”ın əsas komandası ilə yanaşı, veteranlar və hərbçilərdən ibarət kollektiv yaradaq. İstəyirəm ki, öz aramızda turnir keçirək. Doğma yurdumuza qayıdışın sevincini həm veteranlar, həm hərbçilərimiz, həm də əsas komandamızın üzvləri yaşasınlar. Kimin qalib, kimin məğlub olmağının önəmi yoxdur. Sadəcə, əsas məqsəd Qarabağa qayıdışın sevincini bir arada yaşamaqdır”.

S.Əliyev “köhlən atlar”ın ev oyunlarında “İmarət”in tribunalarının tam dolacağına inandığını söyləyib: “Mən əminəm ki, “Qarabağ”ın ev görüşlərində azarkeş sayı çox olacaq. Sovet dövründə bizim məşqlərimizə 2 minə yaxın insan gəlib tamaşa edirdi. Oyun vaxtı isə neçə saat öncədən gəlib yer tutanlar olurdu. Azarkeşin sevgisini baxımlı futbolla qazanmaq lazımdır. Komanda yaxşı oyun nümayiş etdirməsə, hər matçda məğlubiyyət yaşasa, pərəstişkarların da sayı günü-gündən azalacaq. Zəif oyuna baxmayaraq, təbii ki, öz dəstəyini əsirgəməyənlər də olacaq. Ümumiyyətlə, azarkeşi pis oyunla küsdürmək olmaz. Çempionat matçlarında tribunaların boş olmasının səbəbi komandaların zəif çıxışı və klublar arasında rəqabətin az olmasıdır. Yəni, bu mövzuda günahkar məhz futbolçuların özləridir. Baxımlı oyun göstərsələr, niyə də fanatlar stadionlara üz tutmasınlar? “Qarabağ”ın avrokubok görüşləri üçün 35-40 minə yaxın bilet satılır. Bu, gözəl futbolun nəticəsidir. Azarkeşləri də stadionlara cəlb edən məhz budur. Qurban Qurbanovun yetirmələri, sözün əsl mənasında, Avropa futbolu oynayırlar. Ona görə də oyunçularda sürət, texnika hiss olunur. Bu komandaya qarşı insanlarda xüsusi sevgi var. Digər klubların tərəfdarları belə, ağdamlıların oyunlarına gəlib dəstək göstərirlər. Təəssüf ki, çempionatımızda “Qarabağ” səviyyəsində komanda azdır. Könül istərdi ki, bu səviyyədə 6-7 kollektiv olsun və rəqabət artsın. Çempionat oyunlarında hərarət artsa, avrokuboklarda çıxış edən heç bir komandamız Avropa klublarındakı tempi görəndə təəccüblənməyəcək. Çünki onlar bu tempə öyrəşmiş olacaqlar”.

Mütəxəssis yeni təməli qoyulan “İmarət” stadionda ilk oyunun “Qarabağ” ilə “Neftçi” arasında keçirilməsini arzuladığını dilə gətirib: “Təbii ki, avrokubok oyunu olsa, daha maraqlı ola bilər. Bir çox insanın bununla bağlı arzusu var idi. Düşünürəm ki, bu reallaşsa, onların da ruhu şad olardı. Amma Azərbaycan çempionatına təsadüf etsə, ölkəmizin iki köklü klubunun qarşı-qarşıya gəlməsini istərdim. Biz o vaxtlar da “Neftçi” ilə oynayanda məşqçinin verdiyi motivasiyaya ehtiyac duymurduq. Çünki iki klub arasında rəqabət o qədər güclü idi ki, futbolçular komanda daxilində bir-birinin əhvali-ruhiyyəsini qaldırırdı. Kimə qarşı oynadığımızın və üzərimizdəki böyük məsuliyyətin fərqində idik. Ona görə də bu görüşlərə xüsusi hazırlaşırdıq. İlk qarşılaşmanın hansı klubla oynanılmasından asılı olmayaraq, bütün “Qarabağ”sevərləri bu stadionun açılışında görmək istəyirəm. Elə bir gün gəlsin ki, “İmarət”də keçilən birinci matçdan sonra da ilk təəssüratlarımızı böyük sevinc hissi ilə bölüşək”.

Qeyd edək ki, “İmarət” stadionu 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik olacaq.