Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.
Düşünülmüş uğurlu dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır. Əsası Umummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir.
Azərbaycanın dövlət başçısı İlham Əliyev sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı bildirmişdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın beynəlxalq nüfuzu bir neçə dəfə artıb: “Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək”.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub.
COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Tədbirin Bakıda keçirilməsi, ölkənin ekoloji problemlərlə mübarizədə qlobal səylərə verdiyi töhfəni artırmaq və regional lider kimi mövqeyini gücləndirmək məqsədi daşıyır. COP29 konfransı, həmçinin, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək və iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə ölkənin rolunu artıracaqdır.
Azərbaycanın tədbirə ev sahibliyi etməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.
Şəhla Rəhimova,
YAP Xətai rayon təşkilatının “Cavanşir 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü