25 sentyabr 2024 23:44
331

AXCP-nin uğursuzluq sindromu

Bu dağıdıcı düşərgədə hələ də qaragüruhçular və avantüristlər meydan sulayır

Dağıdıcı müxalifət partiyası olan AXCP- nın uğursuzluq sindromu ondan qaynaqlanır ki, bu partiya sadəcə qaragüruhçular və avantüristlər yığnağıdır. Məsələn, AXCP funksioneri İlham Hüseyn sosial şəbəkə statusunda yazır ki, neçə gündür Livanda peycerlərin partlaması əsas müzakirə mövzusudur: «Minlərlə insanın xəsarət aldığı bildirilir. Bir əməliyyatla, nə qədər insanın əlində partlayış baş verdi, bu partlayış gözləri kor etdi...Bir anlıq düşündüm ki, avtoritarizm də eyni missiyanı yerinə yetirir. Milyonlarla insan yürüdülən anti-xalq siyasətinin partlamasının qurbanı olur, təfəkkür zədələnir, həqiqət görünməz olur. Yaxud, keyfiyyətsiz qidalar hər gün mədəmizdə partlayıb, səhhətimizi darmadağın edir. 30 ildir düşüncəmizdə «əsas odur ki, sabitlikdir» təbliğatını partladıb, səfalətə şükr etdirirlər.»

Burada İ. Hüseyndən haqlı olaraq soruşmaq olar ki, heç hənanın yeridir? Axı Livandakı peycer partlamalarının Azərbaycan cəmiyyətinə nə dəxli var? Təbii ki onun bu müqayisəsi avantüradır, dövlətə və xalqa atılan növbəti iftiradır. Xüsusilə İlham Hüseyn yazdığı sərsəmləmələri  faktlarla əsaslandıra bilsəydi, konkret hədəflər göstərsəydi bəlkə özü kimi 3-5 nəfər özü  kimisini inanandıra ğilərdi. 

Ümumiyyətlə, istər AXCP sədri Əli Kərimli, istərsə də onun ətrafı  hələ də sosial şəbəkədəki statuslarında  ənənələrinə  sadiq qalaraq dövlətə öbhtanlar yağdırırlar. Hətta iş o yerə çatıbdır ki, AXCP funksionerləri Ermənistana və onun baş naziri Nikol Paşinyana heyranlıqlarını gizlədə bilmirlər. Yəni, onu  az qala regionun lideri kimi tərənnüm edərək Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin gecikməsində ölkəmizi günahlandırırlar. Bu isə dağıdıcı düşərgənin ermənipərəstlik mərəzinin gündən-günə şiddətlənməsinin təsdiqidir. Onlar hələ də anlamırlar ki, sülh müqaviləsinin imzalanmasında Azərbaycan dövləti daha çox maraqlıdır və bunun əksinə olaraq Ermənistan hakimiyyəti Qərbdəki havadarlarına arxalanaraq bu istiqamətdə manipulyasiya edir.

Ümumiyyətlə, bütün siyasi fəaliyyətini dövlətinə və xalqına qarşı düşmənçilik üzərində quran AXCP sədri Əli Kərimli və onun ətrafı  hələ də ölkəmizə yönəlik ən sərt və antimilli mövqe sərgiləməkdən çəkinmirlər. 1992-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-Müsavat hakimiyyətində yüksək postda təmsil olunmuş, vəzifəsini itirdikdən sonra isə dağıdıcı müxalifətçilik yolunu tutmuş əli kərimçilər buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə  antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməklə siyasi səhnəni zəbt etməyə çalışırlar. Əslində, bu partiyadakıların  pula və vəzifəyə  hərislikləri, öz mənafelərini  milli maraqlardan üstün tutmaları hamıya gün kimi aydındır. Xüsusilə Əli Kərimli son 20 ildə  xarici fondlardan aldığı pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir. Məhz belə bir pulpərəstin bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə və onun ali rəhbərinə qısqanclıqla yanaşması, ölkəmizə qarşı böhtan kampaniyaları aparması bu antimilli ünsürün sosial şəbəkələrdəki  statuslarından da aydın şəkildə görünür.

Bəli, bu  gün bütün Azərbaycan və onun dostları rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsini tarixi Zəfərlə başa vurmasını, bu prosesin davamı olaraq 2023-cü ilin sentyabrın 20-də isə  Qarabağ iqtisadi rayonunda  separatçı-terrorçulara qarşı həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində  xuntanın birdəfəlik məhv edilməsini bayram edərkən  AXCP hələ də dağıdıcı müxalifətçilik oyunları ilə baş qatır. Partiyanın antimilli xislətinə rəğmən bildirmək istəyirik ki,  Xocalı soyqırımının 32-ci ildönümündə Ali Baş Komandan xocalılarla birgə şəhidlərimizin xatirəsini  məhz erməni vandallarından təmizlənmiş Xocalıda yad edib. Bu, bir tarixi hadisədir. Lakin başda Əli Kərimli olmaqla dağıdıcı düşərgə bu tarixi hadisədən qürurlana bilmir. Ona görə ki, mayaları şər və böhtandan yoğrulub.

Görünən odur ki, daxildə dağıdıcı müxalifət, xaricdə isə ermənipərəst  qüvvələr  böhtan və «qara piar» kampaniyaları ilə ətrafımızda hörümçək toru qurmağa çalışırlar ki, növbəti uğurlarımızı qaralasınlar. Ən acınacaqlısı isə odur ki, AXCP-nin  Azərbaycanın geosiyasi uğurlarına qısqanclıqla yanaşması adi haldan çıxaraq kin-küdurət püskürmək həddinə çatıb.

Əli Kərimli və ətrafı  statuslarında mövcud iqtidarı dəfələrlə «rejim» adlandırmaqla açıq-aşkar ermənilərin çaldığı havaya oynayırlar. Məğlub və aciz haylar da bu gün dünyaya Əli Kərimli kimi böhtan püskürərək qanuni Azərbaycan hakimiyyətini «rejim» adlandırırlar. Bununla da dövlətimizin demokratik imicinə, qalib və qətiyyətli xarakterinə kölgə salmağa çalışırlar.

Bəli,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin  bu gun nəinki ölkəmizdə,  hətta dünyada artan nüfuzu  dağıdıcı müxalifəti ciddi şəkildə narahat edir. Onlar bununla bir daha təsdiq etmiş olurlar ki,  Prezident İlham Əliyev kimi uca çinarın kölgəsində itib- batan bir siyasət dəllalıdır. Bu adamların ən böyük bədbəxtlikləri odur ki, onlar, sadəcə qaragüruhçudurlar, avantüristdirlər. Ən başlıcası isə milli hisslərdən uzaqdırlar.

Amma son zamanlar AXCP-də bəzi adamlar partiyada hökm sürən antidemokratik durumdan narazılıq edirlər. Ona görə də partiyanı tərk edənlər etməyənləri əbləh və gerizəkalı qocalar yığnağı da adlandırırlar. İstefa verənlər iddia edirlər ki, nə qədər ki, AXCP-də Əli Kərimli diktaturası mövcuddur, bu partiyadan ciddi və dəyərli bir fəaliyyət gözləməyə də dəyməz. Çünki partiya rəhbərliyi hələ də çağdaş dünyanın inkişafı ilə ayaqlaşmağı bacarmır. Yəni, burada yeni söz, yeni fikir, yeni dünyagörüşü sıfır səviyyəsindədir.

Gücsüzlüyündən seçkiləri boykot edən AXCP sədri 23 ildir ki, partiyanın  sədri postunu zəbt edərək burada şəxsiyyət və fikir yenilənməsinə mane olur. Bu gün də Əli Kərimli nəinki AXCP-ni, ümumilikdə radikal müxalifəti inhisarına alıb. O, bu düşərgədə haqq söz deyənləri, konstruktif müxalifətçiliyə meyil edənləri sıxışdıraraq elə bir aciz duruma salır ki, onlar da ya partiyadan, ya da ki, ölkədən çıxıb gedirlər.

Elçin Zaman, «İki sahil»