Bu ölkədə aborigenlər yüz illər boyunca diskriminativ siyasətə, mədəni soyqırıma və digər ağır cinayətlərə məruz qalıblar
Tarix sübut edir ki, Kanadada min illər boyunca alimlər tərəfindən ilk xalqlar adlanan aborigenlər yaşayıblar. Yerli xalqlar bu ölkəyə sonradan gələnlər tərəfindən saysız cinayətlərə məruz qalıblar. 1876-cı ildə yerli xalqların rezervasiyalarda yerləşdirilməsi etnik təmizləmə və mədəni soyqırımı aktı olaraq qiymətləndirilir. Belə ki, yerli xalqlar kənd təsərrüfatı və maldarlıq üçün faydalı olmayan torpaqlarda yerləşdirilmiş, nəticədə onlar arasında aclıq və müxtəlif xəstəliklər geniş yayılmışdır.
Gerçəklik budur ki, Kanadada internat məktəbləri yerli gəncləri zorla assimilyasiya etmək məqsədi ilə yaradılıb. Belə ki,1831-1996-ci illərdə kilsə tərəfindən idarə olunan yerli xalqlar üçün 130 məktəb-internat fəaliyyət göstərirdi. Əslində bu təhsil müəssisələri yerli xalqların assimilyasiyası siyasətini reallaşdırırdı. Bütün fəaliyyət dövründə həmin məktəblərdən 150 minə yaxın tələbə keçib. Ən azı 3200 uşaq soyuq hava, pis qidalanma və xəstəliklər səbəbindən vəfat edib. Onların çoxu fiziki, seksual və emosional zorakılığa məruz qalıb.
Bir neçə il bundan əvvəl, 2012-ci ildə yerli xalqların 325 nümayəndəsi Kanada hökumətinə qarşı maddi təzminat tələbi ilə iddia qaldırmışdır. 2015-ci ildə Həqiqətin Tapılması və Barışıq Komissiyası açıqladığı hesabatda həmin internat-məktəblər sistemini mədəni soyqırım adlandırmışdır. Kanada hökuməti yerli xalqlara 2.1 mlrd dollar təzminat ödəməyə razı olmuşdur;
2021-ci ildə isə Kanadanın Saskaçevan vilayətindən bu tip internat-məktəb həyətinin yanında 751 nəfərə aid məzarlıqlar tapılmışdır. “The Cowessess First Nation” bəyan edir ki, bu, Kanada ərazisində tapılmış ən böyük məzarlıqdır. Bir müddət sonra Britaniya Kolumbiyasında qazıntılar zamanı bu tip məktəb-internata yaxın 215 yeniyetmənin məzarlığı tapılmışdır. 3 yaşdan yuxarı olan uşaqlar 1900-1971-ci illərdə burada dəfn edilmişdir. Baş nazir Trudo bildirmişdir ki, bütün bunlara görə Kanada məsuliyyət daşıyır. Hətta iş o yerə çatmışdır ki, 2022-ci ilin iyulunda Roma Papası kilsənin Kanadada yerli xalqları zorla assimilyasiya etməsini soyqırım adlandırmışdır.
Kanadada Ahiarmiut presedentinə gəlincə, birmənalı demək olar ki, bu yerli xalqlarla yalnız mədəni soyqırımın yox, eləcə də real soyqırımın həyata keçirilməsini sübut edir. Belə ki, 1950-ci ildə Kanada hökuməti bir qrup inuitləri öz tarixi torpaqlarından 100 km aralıya köçürməyə qərar verib. Köçürməyə səbəb kimi onların federal işçilərlə ticarətdən olduqca çox asılı olmaları bildirilib. Faktiki onlar izolyasiyada olan adaya köçürülmüş və onlara yaşamaq üçün yemək, infrastruktur və ya tikinti üçün avadanlıq verilməmişdir. O zaman köçürülmə kütləvi insan ölümü ilə müşayiət olunub. Daha sonra bu qrup 1957-ci ildə yenidən köçürülüb. Qeyd etmək lazımdır ki, bundan sonra daha 3 köçürülmə baş verib. Yeri gəlmişkən, soyqırım üzrə mütəxəssislər bu hadisələri Sovet İttifaqında tatarların və çeçenlərin köçürülməsi ilə müqayisə edir. Proses zamanı icmanın yarısından çoxu məhv olub. Buradaca xatırlatmaq yerinə düşər ki, Kanada 1952-ci ildə Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanı ratifikasiya edib.
Tarixi biliklərə sahib olanlar yaxşı bilirlər ki, min illərlə Kanadada əsas yerli xalqlardan biri hesab olunan inuitlər balina və su itiləri ovlamaqla dolanırdı. Kanadada Greenpeace bu proseslə ciddi mübarizə aparmağa başlayanda inuitlər əsas peşələri olan ovdan məhrum edilmişdir. Beləliklə, yaşıl fəallar faunanı qorumağa çalışsalar da, yerli xalqların həmin ərazilərdə iş və yaşayış hüququnu məhdudlaşdırmışdır. Kanada hökuməti isə onlara real alternativ təklif etməmişdir. İnuit fəalları prosesi ikinci müstəmləkəçiliklə müqayisə etmişlər. Bu siyasət nəticəsində inuitlər ənənəvi məskunlaşmış bölgələri tərk etmişdir. BMT-nin xüsusi sessiyasında inuit xalqının nümayəndəsi və “Nunavut Tunngavik” adlı yerli xalqların müdafiəsi uğurunda təşkilatın rəhbəri Aluki Kotierk bildirib ki, 2051-ci ildə yalnız 4 faiz inuit ana dilində danışacaq.
Bütün bunlar inkarolunmaz faktlardır. Təsadüfi deyil ki, mütəxəssislər baş verənləri linqvisid adlandırırlar. 2019-cu ildə Kanada hökuməti Nunavute əyalətində fransız dilinin dətəklənməsinə 39 dəfə çox vəsait ayırmışdır. Halbuki yerli xalqların dillərində 60 faiz çox əhali danışır.
İş o yerə çatıb ki, artıq beynəlxalq təşkilatlar Kanadada bu məslələrlə bağlı həyacan təbili çalırlar. Belə ki, UNESCO-nun məlumatlarına görə, Kanadada yerli xalqların danışdığı 90 dilin ¾ yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. “Nunavut Tunngavik” məlumatına görə isə Arktik bölgədə olan 43 məktəbdən yalnız biri 5-ci sinfədək ana dilinin öyrənilməsi kursunu təklif edir. 2016-cı ildə C.D. Howe Institute (Toronto) müəyyən edib ki, Kanada rezervasiyalarında yaşayan 10 aborigendən yalnız 4-ü orta məktəbi bitirir. Halbuki Kanadanın yerli xalqları olmayanlar arasında bu göstərici həddindən artıq çoxdur. Məsələ orasındadır ki, Inuktut dilində təhsilin olmaması Nunavuta qanunvericliyinə ziddir. Eyni zamanda, bu 1992-ci ildə ATƏT-in Xelsinki görüşü çərçivəsində Kanadanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə ziddir.
Digər məsələlərdən biri də bu ölkədəki aşağı təhsillə bağlıdır. Belə ki, sözügedən məsələ ilə bağlı bu ölkədə yerli xalqlar arasında çoxlu problemlər mövcuddur: işsizlik, yoxsulluq, cinayətkarlıq və s. Nümunə üçün Nunavutedə qiymətlər Kanadanın digər bölgələri ilə müqayisədə 3.1 dəfə yüksəkdir. Nunavutedə vərəmlə xəstələnmə koefisienti Kanadanın digər bölgələri ilə müqayisədə 47 dəfə yüksəkdir.
Bütün bunlar acı gerçəkliklərdir. Açıq deyək ki, XXI əsrdə Kanadada yerli xalqlara qarşı baş verənlər insanlıq üçün dərin narahatlıq, təəssüf və utanc doğurur…
Zahid Rza, “İki sahil”