15 dekabr 2017 14:08
1311

Rəng terapiyası

Heç fikirləşmisinizmi ki, bizim əhval - ruhiyyəmizə nə təsir edir? İş? Ətrafınızdakı insanlar? Pulun miqdarı? Sağlamlıq? Bizə elə gəlir ki, hamısı. Lakin birinci növbədə biz özümüz özümüzə təsir edirik, çünki  biz hər gün birinci növbədə özümüzü görürük.  Ətrafınıza və özünüzə nəzər yetirin.  Geyimdə hansı rənglərə üstünlük verirsiniz? Hansı yaşda hansı rənglərdən istifadə etmək lazımdır?  Rənglər əhvalımıza necə təsir edir? Gəlin bizi əhatə edən rənglərdən danışaq.

Rəng terapiyası qədim elmdir və bizim eradan əvvəl IV - III minillikdə yaranıb. Rəng terapiyasının məkanı  Çin və Hindistandır. Bu elm həmin dövrün məşhur alimləri tərəfindən yüksək qiymətləndirilib.  Rənglər müxtəlif növ xəstəliklərin müalicəsində istifadə edilib. Həkimlər xəstələrə evlərində hansı rəng pərdələrdən istifadə etməyi, hansı rəngli su ilə duş qəbul etməyi məsləhət görürdülər. Rəngli geyimlər də lazım olan effekti əldə etməyə təsir edirdi.

Müasir tibb hələ bu yaxınlarda rəng terapiyasına diqqət yetirib.  Bu metodikanın məğzi - insanların psixoloji, emosional və fiziki vəziyyətlərinə rənglərin təsirini tətbiq etməkdir.

Deyilənə görə, insan ətrafı hansı rəngdə görürsə, elə həmin rəngin qammasına da köklənir. Məsələn,   Sankt-Peterburqda demək olar ki, hamı boz rəngli üst geyiminə üstünlük verir. Heç də təəccüblü deyil, çünki  bu şəhər özünün 150 boz çalarları ilə insanı vəsf edir.

İlk məsələ odur ki, çox nadir hallarda insanların üzərində rəngli üst geyimləri görmək olur. Təbii ki, qara, boz, tünd göy rənglər praktik rənglərdir, lakin darıxdırıcıdır. İkinci məsələ isə geyimdə kombin yaratmaqdır.

Hər gün işə gedən zaman çalışın iki üç rəngi bir-birinə kombinə edəsiniz. Qara rəngdən imtina etmək lazım deyil, çünki bu rəngdə geyim hər zaman dəbdədir və rahat kombin deməkdir. Lakin  rəngli əşyalar, əsasən də çəhrayı rəng geyindiyiniz zaman güzgüdə özünüz özünüzü bəyənəcəksiniz. Çəhrayı rəng təravət rəngi deməkdir.

Nədən başlamaq lazımdır? Necə tədricən tünd rəng qammasından uzaqlaşmaq olar?  Təbii ki, yeni həyata başlamaq üçün  bütün əşyalarınızı atmaq lazım deyil. Sadəcə gələn dəfə alış-veriş edərkən çalışın qara rəngə deyil, əlvan rənglərə nəzər yetirəsiniz.

? Könül Əliyeva,

“İki sahil”