22 oktyabr 2024 08:29
87

Su böhranları həll edilməzsə 2050-ci ilə qədər qida istehsalı təhlükə altında qala bilər - Ekspertlər

Mütəxəssislər cümə axşamı dərc olunan böyük hesabatda xəbərdarlıq ediblər ki, su böhranı ilə bağlı hərəkətsizlik 2050-ci ilə qədər dünya ərzaq istehsalının yarıdan çoxunu risk altında qoya bilər.

Su İqtisadiyyatı üzrə Qlobal Komissiyanın (“GCEW”) hesabatında deyilir: Təxminən 3 milyard insan və dünya ərzaq istehsalının yarıdan çoxu hazırda ümumi su ehtiyatının azalacağı proqnozlaşdırılan ərazilərdədir.

Hesabatda həmçinin xəbərdarlıq edilib ki, su böhranı 2050-ci ilə qədər yüksək gəlirli ölkələr üçün ÜDM-in orta hesabla 8%, aşağı gəlirli ölkələr üçün isə 15%-ə qədər azalmasına səbəb ola bilər.

Hesabatda deyilir ki, su dövriyyəsinin pozulması böyük qlobal iqtisadi təsirlərə malikdir.

İqtisadi tənəzzüllər iqlim dəyişikliyi səbəbindən dəyişən yağıntıların və temperaturun artması, ümumi su anbarının azalması və təmiz su və kanalizasiyaya çıxışın olmaması kimi birgə təsirlərin nəticəsi olacaq.

Bu böhrandan qabaq su idarəçiliyinin ciddi transformasiyası tələb olunur.

"Qabaqlayıcı tədbirlərin gətirdiyi xərclər davamlı hərəkətsizliyin iqtisadiyyatlara və bəşəriyyətə vuracağı zərərlə müqayisədə çox azdır", -deyə ekspertlər həyəcan təbili çalırlar.

"Biz suyun qiymətini müvafiq subsidiyalarla birləşdirməliyik", -“GCEW”nin həmsədri, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İueala onlayn brifinq zamanı bildirib.

Digər həmsədr Sinqapur prezidenti Tharman Şanmuqaratnam suya qlobal problem kimi baxmaq, böhranın həlli və “qlobal hidroloji dövrü sabitləşdirmək” üçün innovasiyaların və sərmayə qoyuluşlarının zəruriliyini vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”