22 oktyabr 2024 17:21
115

Azərbaycan ilə BMT-nin müxtəlif qurumları, o cümlədən Cenevrədəki ofisi arasında uğurlu əməkdaşlıq həyata keçirilir

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. "Azərbaycanın BMT-yə üzv olduğu müddətdən ötən dövrdə Qarabağ probleminin həlli münasibətlərdə həmişə xüsusi yer tutub. Biz BMT və digər təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərə, həm də Qarabağ probleminin həllinə nail olmaqda əsas vasitə kimi baxmışıq. Artıq Qarabağ problemi həll olunduğu üçün münasibətlərimizə yeni prizmadan baxırıq və hazırda əməkdaşlığımızı genişləndirmək üçün digər sahələri nəzərdən keçirməliyik", - deyə Komitə sədri vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Pekin öhdəliklərinə qoşulan zaman ərazi və insan itkisinə məruz qalan, bütün sahələrdə ciddi çətinliklərlə qarşılaşan Azərbaycan bu problemlərə baxmayaraq, götürdüyü öhdəliklərə sadiq qalmaqla yanaşı, onun uğurla həyata keçirilməsinə də nail olub.

Müstəqilliyin bərpasından keçən otuz ildə uğurlu inkişaf yolu keçən Azərbaycanın Qarabağ problemini öz gücü hesabına həll etdikdən sonra regoinda sülhün bərqərar olmasına böyük əhəmiyyət verdiyini və bu istiqamətdə mühüm addımlar atdığını deyən Bahar Muradova diqqətə çatdırıb ki, Pekin öhdəliklərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq birgə fəaliyyətimizin əsas məqsədi olaraq qalır. Azərbaycan bu istiqamətdə, o cümlədən qadın hüquqlarının, gender bərabərliyinin təmin olunması, qadınların səlahiyyətlərinin artırılması kimi öhdəliklərin icrasında böyük uğurlar qazanıb.

Komitə sədri dünyada, müharibə və münaqişələrin, iqlim dəyişikliyinin milyonlarla insan, o cümlədən qadınlar üçün də ciddi problemlər yaratdığını qeyd edərək, hazırda bəşəriyyətin bu çətinlikləri həll etmək məcburiyyətində qaldığını diqqətə çatdırıb.

Bahar Muradova ölkəmizdə gender bərabərliyinin təmin olunması üçün həm parlament, həm də hökumət səviyyəsində genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayaraq, bu sahədə BMT-nin Cenevrədəki ofisi ilə də əməkdaşlığın önəmini vurğulayıb. 

Azərbaycanın gələn ay COP29-a ev sahibliyi edəcəyini xatırladan nümayəndə heyətinin rəhbəri bu mötəbər tədbir çərçivəsində mədəniyyət, qadınlar, gənclərlə bağlı bir sıra sessiyaların da təşkil olunacağını diqqətə çatdırıb. Xüsusi vurğulanıb ki, Azərbaycan dünyada sülh və sabitlik, iqlim məsələləri ilə bağlı ciddi təhdidlərin olduğu bir dövrdə bu mühüm problemlərin müzakirə olunacağı COP29-u təşkil etmək kimi mühüm missiyanı üzərinə götürüb.

Tatyana Valovaya bildirib ki, BMT-nin müxtəlif qurumları, o cümlədən Cenevrədəki ofisi ilə Azərbaycan hökuməti və parlamenti arasında uğurlu əməkdaşlıq həyata keçirilir və Azərbaycan bu baxımdan müsbət nümunə təşkil edir. O, Azərbaycanın maddi-mədəni irsinin təbliği istiqamətində BMT-nin Cenevrədəki ofisi ilə birgə müxtəlif tədbirlərin keçirildiyini məmnunluqla xatırladaraq, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və ölkəmizin digər qurumları ilə səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.  

Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini vurğulayan T.Valovaya iki il əvvəl Heydər Əliyev Mərkəzində özünün təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının dəstəyi ilə “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərginin təşkilinin əhəmiyyətini xüsusi vurğulayıb. T.Valovaya dünyada gərginliyin artdığı, yeni münaqişələrin yarandığı bir vaxtda otuz ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişənin yaxın vaxtlarda sülh müqaviləsi ilə başa çatacağına ümidvar olduğunu vurğulayaraq, danışıqlar prosesində məsələlərin 80 faizdən çoxunun razılaşdırılmasını məmnunluqla qeyd edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan parlamentinin də BMT-nin qurumları, o cümlədən Cenevrədəki ofisi arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O, BMT-nin Cenevrədəki ofisi ilə birlikdə təşkil olunan “Çağırışın 17 siması” adlı fotosərginin ilk dəfə məhz Bakıda, Heydər Əliyev Mərkəzində açılmasını bu əməkdaşlığın uğurlu nümunəsi olduğunu qeyd edib.
Azərbaycanda qadın hüquqlarının, gender bərabərliyinin təmin olunması istiqamətində parlament və dövlət səviyyəsində mühüm addımların atıldığını vurğulayan Hicran Hüseynova bu baxımdan məişət zorakılığının, gender əsaslı halların, erkən və yaxın qohumlar arasında nikahların qarşısının alınması ilə bağlı mühüm qanunların qəbul olunması və addımların atılması barədə məlumat verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu məsələlərə həssaslıq göstərməsi bu sahədə mühüm uğurların əldə olunmasına ciddi təsir göstərib.

Söhbət zamanı işğaldan azad olunmuş ərazilərdə qadınların bacarıqlarının inkişaf etdirilməsi, imkanlarının artırılması məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb. Görüşdə azad olunan ərazilərdə görülən işlər və yaradılan şəraitlə tanışlıq məqsədilə BMT-nin Cenevrədəki ofisinin Baş direktoru ölkəmizə səfərə dəvət olunub.