08 noyabr 2017 16:53
1018

Azərbaycan mətbəxi ilə tanışlıq

Nigeriyanın məşhur STV telekanalı Azərbaycan mətbəxi ilə tanışlığa yarpaq dolmasından başlayıb

AZƏRTAC xəbər verir ki, Nigeriyanın STV telekanalında məşhur aparıcı Gina Ehikodinin "Foodies & Spice" yemək verilişində Azərbaycan mətbəxindən bəhs edilib.

Verilişin qonağı, Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bayramova tamaşaçılara milli mətbəximizin ən ləziz təamlarından sayılan dolmanın hazırlanma qaydasından danışıb. O, aparıcıya yarpaq dolmasının içliyində istifadə olunan inqrediyentləri, hazırlama özəlliyi, dolmanın süfrəyə verilmə qaydasını izah edib.

Həmyerlimiz veriliş boyu həmçinin, Azərbaycan tarixi, musiqisi, mətbəxi, mədəniyyəti haqqında məlumat verib. Azərbaycan mətbəxinin dünyanın qədim, zəngin və dadlı mətbəxlərdən biri olduğunu vurğulanıb. B.Bayramova ölkəmizin bir çox mötəbər beynəlxalq səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun həm ölkədə, həm də xaricdə həyata keçirdiyi uğurlu layihələr, tolerantlıq və multikulturalizm məkanına çevrilən Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verib. Verilişdə nigeriyalı izləyicilərə milli musiqi alətimiz olan qavalın müşayiəti ilə "Sarı gəlin" mahnısı da təqdim edilib.

Aparıcı Gina Ehikodi verilişdə silsilə olaraq Azərbaycan mətbəxinin yeməklərinin təqdim ediləcəyi barədə məlumat verib.

Bildirib ki, növbəti buraxılışlarda qutab, düşbərə və digər təamların hazırlanma qaydalarından söhbət açılacaq.

Qeyd edək ki, məşhur aparıcı Gina Ehikodinin "Foodies & Spice" yemək verilişi şənbə günləri Nigeriyanın WAPTV, RAVE TV, TVC telekanalları ilə də canlı yayımlanır.