Oktyabrın 26-da “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ümumrespublika “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi keçirilib.
“İki sahil”in məlumatına görə, əvvəlcə tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Nə? Harada? Nə zaman?” intellektual oyununun nəticələri barədə hesabat verib. O bildirib ki, bu il “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşkil olunan yarışın əsas məqsədi silsilə tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən YAP üzvü və bitərəf gənclər arasında şəbəkələşmənin dərinləşdirilməsi, ekologiya və bioloji müxtəliflik haqqında gənclərin bilik səviyyəsinin artırılması, eyni zamanda, gənclərin intellektual inkişafının və komanda ruhunda işləmək bacarıqlarının təşviqidir.
Bəxtiyar İslamov vurğulayıb ki, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 85 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Quba, Qəbələ, Şəmkir, Ağcabədi, Masallı, Kürdəmir və Naxçıvanda təşkil olunmuş, 22 komanda final mərhələsinə vəsiqə qazanmışdır: “85 komandanın tərkibində iştirak edən 680 nəfərin 264-ü bitərəf, 416-sı isə YAP üzvü gənclərdir. Onu da bildirim ki, intellektual oyun üçün hazırlanmış sualların əsas istiqamətləri ekologiya və biomüxtəliflik, ölkəmizin təbiəti, flora və faunası, Azərbaycanda həyata keçirilən ekoloji siyasət, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ekologiya sahəsində atılmış addımlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, həmçinin Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə görülən işlər olmuşdur”.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan qazandığı möhtəşəm uğurlar və yaratdığı yeni reallıqlarla bu gün dünyanın diqqət mərkəzindədir: “Ərazi bütövlüyü və suverenliyini bərpa edərək Cənubi Qafqazda yeni təhlükəsizlik və işbirliyi mühiti formalaşdıran Azərbaycan dövləti beynəlxalq müstəvidə etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq məkanı kimi tanınır”.
YAP Sədrinin müavini vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanmaqla bərabər, bəşəriyyəti düşündürən, xalqlar və dövlətlər üçün olduqca aktual çağırışlara da adekvat cavab verir. O diqqətə çatdırıb ki, "yaşıl enerji" gündəliyi əsasında iqlim dəyişikliyinə qarşı qlobal mübarizə sahəsində ardıcıl fəaliyyətin həyata keçirilməsi də bu kontekstdə xüsusi qeyd edilməlidir: “Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması və “yaşıl enerji” gündəliyinin reallaşdırılması istiqamətində sistemli tədbirlər görülür. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması isə bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bütün bu reallıqlar fonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar Azərbaycanın sözügedən istiqamətdə fəaliyyətinin yüksək qiymətləndirildiyini, ölkəmizə beynəlxalq müstəvidə böyük etimadın olduğunu bir daha təsdiqləyir”.
YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Azərbaycan qlobal tədbirlərə ev sahibliyi ilə əlaqədar zəngin təcrübəyə malikdir: “İndiyədək bu sahədə əldə olunan uğurlu nəticələr - imza atdığımız nailiyyətlər Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə də uğurla ev sahibliyi edəcəyini əminliklə söyləməyə əsas verir. Şübhəsiz, bir neçə gün sonra keçiriləcək COP29 iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirən ölkəmizin bu bəşəri əhəmiyyətli, qlobal xarakterli prosesə dəyərli töhfəsi olacaq, eyni zamanda, Azərbaycan reallıqlarının dünyaya təqdimatı üçün növbəti mühüm platformaya çevriləcəkdir”.
Tahir Budaqov söyləyib ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə respublika səviyyəsində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmişdir: “Məlumat verildiyi kimi, 85 komandanın iştirakı ilə keçirilən və 22 qalib komandanın final mərhələsində I-III yerlər uğrunda mübarizə apardığı bu intellektual yarışmada gənclərimiz ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmini istiqamətində həyata keçirilən dövlət siyasətinə - Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülmüş işlərə, o cümlədən “yaşıl enerji” konsepsiyası əsasında reallaşdırılan tədbirlərə dair çoxsaylı sualları cavablandırmaqla intellektual mübarizə aparmışlar. Hər ilin aktual gündəliyinə həsr olunan və 2022-ci ildən başlayaraq artıq ənənə halını almış bu bilik yarışması gənclərin potensialının üzə çıxarılması, onlar arasında kommunikasiyanın gücləndirilməsi və komanda şəklində birgə çalışmaq bacarıqlarının yüksəlməsinə geniş imkanlar yaradır”.
“Bu gün inam və qürurla qeyd edirik ki, milli-mənəvi dəyərlərə sadiq və möhkəm əqidəli Azərbaycan gəncliyi cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallıq nümayiş etdirməklə ölkəmizin inkişafına mühüm töhfələr verir və respublikamızı beynəlxalq arenada layiqincə təmsil edir. Ən əsası, rəşadətli Azərbaycan gənclərinin yüksək vətənpərvərlik nümunəsi göstərərək ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasında müstəsna rol oynamaları xalqımızın qürur və iftixar mənbəyidir”,- deyən YAP Sədrinin müavini əlavə edib ki, gəncləri Azərbaycanın gələcəyi adlandıran Ümummilli Lider Heydər Əliyevin xalqımıza dəyərli siyasi mirası olan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda inamla addımlayan Yeni Azərbaycan Partiyası gənclərin inkişafına və onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir.
Tahir Budaqov bildirib ki, müstəqil Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur: “Qazanılan uğurlar və qələbələrlə yanaşı, qarşıda mühüm strateji hədəflər durur. Təbii ki, Azərbaycanın gələcək inkişafı naminə milli məqsədlərin gerçəkləşdirilməsi üçün gənclərin də üzərinə önəmli vəzifələr və böyük məsuliyyət düşür. Heç şübhəsiz, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan gənc nəsil qalib Azərbaycanın qürurlu vətəndaşları kimi ölkəmizin tərəqqisinə bundan sonra da layiqli töhfə vermək əzmində və iqtidarındadır. Bu gün final mərhələsinin keçirildiyi bu intellektual yarışmada iştirak edən bütün gəncləri, xüsusilə qalibləri təbrik edirəm. Əslində, bu bilik mübarizəsinə qatılan hər bir komanda özünü qalib hesab edə bilər. Çünki hər şeydən öncə, belə kreativ platformalarda təmsil olunmaq Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə sonsuz inamın birmənalı ifadəsidir”.
YAP Sədrinin müavini gənclərə möhkəm cansağlığı və Heydər Əliyev ideyaları əsasında günü-gündən çiçəklənən müasir Azərbaycanın parlaq gələcəyi naminə yeni-yeni uğurlar arzulayıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə çıxışında bildirib ki, bu gün Azərbaycan sürətli inkişaf dövrünü yaşayır və bu da yaradıcı və intellektual gənclər üçün öz təşəbbüslərini reallaşdırmaqda yeni imkanlar yaradır: “Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2024-cü il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında dinamik bir il kimi xarakterizə olunur. Bu il keçirilmiş prezident və parlament seçkilərində cəmiyyətin ən aktiv təbəqələrindən hesab olunan gənclik siyasi proseslərin önündə addımlamış, ona göstərilən etimadı doğrultmuşdur. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının və onun Gənclər Birliyinin üzvlərinin fəaliyyətini xüsusilə vurğulamaq istərdim”.
Nazir müavini qeyd edib ki, gənclər siyasi fəaliyyətlə yanaşı, onlara yaradılan geniş imkanlardan istifadə etməklə öz bilik və bacarıqlarını artırmaq məqsədilə müxtəlif platformalardan məharətlə istifadə edirlər: “İntellektual yarışların əsas məqsədi gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından səmərəli istifadə etməkdir”.
Vüqar Kərimov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilmiş, beynəlxalq səviyyədə əhəmiyyətli və etibarlı tərəfdaş kimi tanınmışdır: “Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyimiz ölkəmizin ətraf mühitin qorunması, iqlim dəyişmələrinin fəsadlarının qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Ölkə başçısının müvafiq Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nin ətraf mühitin mühafizəsi sahəsində birgə təşəbbüslərin reallaşdırılması üçün əlverişli fürsət olacağına əminik”.
Nazir müavini 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində görülən işləri diqqətə çatdırıb. O bildirib ki, gənclərin ətraf mühitin idarə olunmasında yeni yanaşmaların tətbiqi, modern və çevik idarəetmə formalarından istifadə sahəsində fəaliyyətləri nəzərəçarpacaq dərəcədə hiss olunur: “Onlar ətraf mühitin qorunması və ekoloji maarifləndirmə istiqamətində novator baxışları ilə seçilir, öz bacarıqlarını nümayiş etdirir, ətraf mühitlə bağlı məsələlərin həllində təşəbbüskarlıq göstərirlər. Biz iqlim dəyişikliyi, təbii ehtiyatların qorunması və səmərəli istifadəsi, ekosistemlərin dayanıqlılığının təmin edilməsi, tullantıların idarə edilməsi, meşələrin artırılması, səhralaşmanın və torpaq deqradasiyasının qarşısının alınması ilə bağlı məsələlərin həllində yaradıcı gənclərin iştirakına böyük ümid bəsləyirik”.
V.Kərimov çıxışının sonunda qeyd edib ki, intellektual yarışların keçirilməsi gənclərin ideyayönümlü potensiallarının aşkarlanması, onların komanda qurmaq və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi istiqamətində biliklərinin artmasına mühüm töhfələr verəcəkdir.
Bundan sonra I, II, III yerləri tutmuş Nəsimi, Gəncə və Yasamal komandalarının oynçuları müvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltif olunub.
III yerin qalibi – Yasamal komandasını YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, II yerin qalibi – Gəncə komandasını YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə, I yerin qalibi – Nəsimi komandasını isə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.