27 oktyabr 2017 14:14
384

Almaniyalı və çexiyalı ekspertlər Dəniz Akademiyasında olublar

Almaniya və Çexiyanın metrologiya institutlarının ekspertləri Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) olublar.

Dəniz Akademiyasından AZƏRTAC-a bildirilib ki, Almaniya Metrologiya İnstitutunun (Fiziki-Texniki İnstitut – PTB) eksperti İrene Flyuda, Çex Metroloji İnstitutunun eksperti Peter Kişka, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri ilə ADDA rəhbərliyinin və professor-müəllim heyətinin görüşü keçirilib.

Görüşdə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Çexiyanın Çex Metroloji İnstitutu və Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) tərəfindən həyata keçirilən, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan metrologiya sisteminin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində metrologiya sahəsi ilə bağlı hazırlanmış tədris proqramının (kurrikulum) nümunəsi təqdim olunaraq, akademiyanın professor-müəllim heyəti ilə müzakirə edilib.

Tədbirdə çıxış edən SMPDK-nın şöbə müdirinin müavini Yusif Həsənov Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyətini vurğulayıb.

Akademiyanın rəhbərliyinin və professor-müəllim heyətinin böyük marağına səbəb olan görüş ümumi müzakirə və fikir mübadiləsi ilə davam edib.