01 oktyabr 2025 11:15
97

“İNMerge” 2025 Azərbaycanın innovasiya mərkəzinə çevrilməsinə mühüm töhfə verir - Orxan Seyidov

Bu gün Bakıda regionun nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 öz işinə başlayır.

İki sahil” xəbər verir ki, “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. Bakı Konqres Mərkəzində keçirilən və iki gün davam edəcək sammitdə 30-dan çox ölkədən 1000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir platformada birləşdirir.

Tədbirin iştirakçısı olan “Selfbar” satıcısız və kassirsiz mağaza və kofe-şopun həmtəsisçisi və icraçı direktoru Orxan Seyidov “İki sahil”ə bildirdi ki, “PAŞA Holdinq” tərəfindən təşkil edilən sammit ölkəmizin nüfuzunun daha da artırılması ilə yanaşı iqtisadi inkişafının şaxələnməsi imkanlarını genişləndirəcək. O, fikrini belə əsaslandırıb ki, tədbirdə dünyanın aparıcı şirkətlərinin rəhbərlərinin, o cümlədən fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan innovatorlar, investorlar və sahənin nüfuzlu liderlərinin iştirakı yerli sahibkarkarın və startapçıların beynəlxalq əlaqələrinin qurulmasına böyük töhfə verir: “Bu kimi tədbirlər beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulmasında, yerli startapların beynəlxalq fondlara çıxışının yaranmasında xüsusi önəm daşıyır”.

O.Seyidov əlavə edib ki, “İNMerge” 2025 innovasiya və texnologiya tədbirinin Azərbaycanın qlobal startap ekosistemində mövqeyinin gücləndirməsi baxımından da mühüm əhəmiyyət daşıyır: “Bu tədbir ölkəyə həm iqtisadi, həm də sosial baxımdan bir sıra üstünlüklər gətirir. Belə ki;

1. İnvestisiya imkanları – Dünyanın müxtəlif ölkələrindən investorlar və texnologiya şirkətləri Azərbaycana gəlir, bu da yerli startapların beynəlxalq maliyyə mənbələrinə çıxışını asanlaşdırır.

2. Bilik və təcrübə mübadiləsi – Tədbirdə iştirak edən beynəlxalq mütəxəssislər, spikerlər və mentorlar yerli sahibkarlara yeni biliklər ötürür, qlobal trendlərlə tanışlıq yaradır.

3. Yeni əməkdaşlıqlar – Xarici şirkətlərlə tərəfdaşlıqların qurulması həm texnologiya transferini, həm də ixrac imkanlarını artırır.

4. İşgüzar turizmin inkişafı – Tədbir ölkəyə xarici qonaqların axınını təmin edir, bu da turizm və xidmət sektoruna əlavə gəlir gətirir.

5. İnnovasiya ekosisteminin güclənməsi – Yerli gənclər, tələbələr və startapçılar beynəlxalq səviyyədə öz ideyalarını təqdim edərək motivasiya qazanır, bu da ölkədə innovasiya mədəniyyətinin inkişafına təkan verir.

Qısaca desək, “İNMerge” 2025 Azərbaycanın innovasiya mərkəzinə çevrilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına və beynəlxalq imicinin güclənməsinə mühüm töhfə verir”.

Məhərrəm Ağalaroğlu, İki sahil”