Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motors Co.”nun ilin 3-cü rübündə xalis gəliri 835 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz azdır.
AZƏRTAC şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, azalmanın əsas səbəbi ABŞ-ın Cənubi Koreyada THAAD raket hücumundan müdafiə sistemini quraşdırımasına Çinin etirazı ilə iki ölkə arasında yaranmış diplomatik narazılığın iqtisadi-ticari əlaqələrə mənfi təsiridir. Belə ki, dünyanın ən böyük avtomobil bazarı olan Çində iyul-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz az (188 min ədəd) “Hyundai” avtomobili satılıb.
Şirkətin gəlirinin azalması təkcə Çin bazarında işlərin pis getməsi ilə bağlı deyil. Elə ABŞ-da da “Hyundai” avtomobillərinə maraq azalıb. İlin 3-cü rübündə Birləşmiş Ştatlarda 27 faiz az (75 min ədəd) “Hyundai” avtomobili satılıb.
Dünyanın ən böyük 5-ci avtomobil istehsalçısı olan “Hyundai Motor Co.”nun icraçı vitse-prezidenti Çoy Byunq-çul bildirib ki, şirkət ABŞ bazarında satışı canlandırmaq üçün ilin sonundan etibarən yeni modelləri - “Kona” və “Genesis G70”-i müştərilərə təqdim edəcək.