26 oktyabr 2017 18:52
463

İqtisadiyyat Nazirliyi innovasiya müsabiqəsi elan edib

BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf üzrə gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədilə İqtisadiyyat Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə innovasiya müsabiqəsi elan edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsabiqəyə bir sıra sahələri əhatə edən və innovativ ideyaları əks etdirən layihələr qəbul olunur:

İqtisadi: innovativ startap; ən yaxşı innovativ biznes inkubatorlar; innovativ istehsal metodları; elmi və yüksək texnoloji avadanlıqlar və bu sahədə yeni mexanizmlər; səmərəli elm tutumlu istehsal və istehlak modelləri; daha az kapital tutumlu infrastruktur; sənaye sahəsində nanotexnologiyaların tətbiqi ilə texniki imkanların artırılması mexanizmi; nanomateriallar və nanotexnologiyalar.

Sosial: innovativ sosial xidmətlər; səhiyyə, təhsil və qida təhlükəsizliyi; cəmiyyətin bütün qruplarının cəlb edilməsi üçün fəal ictimai proqramlar; mədəni və təbii irsin qorunması; yaşayış məntəqələrinin planlaşdırılması və idarə edilməsi; urbanizasiya; turizm sahəsində innovativ fəaliyyət;

Ekoloji: yaşıl iqtisadiyyat; təmiz və ekoloji baxımdan uyğun texnologiyaların tətbiqi;

ərzaq tullantılarının səmərəli və ekoloji istifadəsi; enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə; iqlim dəyişikliyi ilə bağlı yerli şəraitdə effektiv planlaşdırma və idarəçilik; dəniz və sahilyanı ekosistemlər; yer və daxili təmiz su ekosistemləri; meşələrin qorunması, bərpası və dayanıqlı istifadəsi; biomüxtəlifliyin qorunması;

Müsabiqəyə təqdim edilən layihəyə dair tələblər bunlardır: texniki-iqtisadi əsaslandırılma; innovativ layihələrin perspektivliyi; sahələr üzrə prioritetliyi; iqtisadi səmərəliliyi; həyata keçirilməsinin mümkünlüyü.

Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini və şəxsiyyəti təsdiq edən sənədin surətini dekabrın 5-dək bilavasitə İqtisadiyyat Nazirliyinə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət Evi) və ya elektron poçt ( [email protected] , [email protected] ) ünvanlarına təqdim edə bilərlər.

Müsabiqənin qalibləri mükafatlandırılacaq: birinci yer – 3 000 manat, ikinci yer – 2 000 manat, üçüncü yer – 1 000 manat.

Müsabiqə çərçivəsində bəyənilən layihələrin reallaşdırılması və tətbiqi məqsədilə komissiya tərəfindən müxtəlif dövlət qurumları, təşkilatları və sahibkarlıq subyektləri üçün təşviq edilməsinə dəstək göstəriləcək.

Əlavə məlumat üçün İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinə müraciət etmək olar:

Ünvan:

AZ 1000

Bakı, Azərbaycan,

Ü.Hacıbəyli küç.,84

(Hökumət Evi)

Əlaqələndirici şəxs:

Nərmin Babayeva

Tel: 310-28-00 (daxili 23-68).