23 sentyabr 2017 20:25
607

Dərmanın qiymətinin ucuzlaşdırılması minlərlə həyatı xilas edə bilər

İİÇV-yə yoluxanlar üçün dərmanın qiymətinin ucuzlaşdırılması minlərlə həyatı xilas edə bilər

BMT insanın immun çatışmazlığı virusuna (İİÇV) yoluxanlar üçün yeni səmərəli dərmanın qiymətini azaltmağa imkan verən sazişin imzalandığını elan edib. Varlı ölkələrdə geniş istifadə olunan doluteqravir preparatı bundan sonra aşağı və orta gəlirli ölkələrin sakinləri üçün də münasib qiymətə satılacaq.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinin saytına istinadla bildirir ki, bu “sıçrayış” bir sıra təşkilatların – BMT-nin İİÇV/QİÇS üzrə Birləşmiş Proqramının (UNAIDS), QİÇS, vərəm və malyariyaya qarşı Qlobal Mübarizə Fondunun, Bill və Melinda Geytslər Fondunun, ABŞ-ın Beynəlxalq İnkişaf Fondunun, əczaçılıq şirkətlərinin və bir sıra digər təşkilatların əməkdaşlığı sayəsində mümkün olub.

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus deyib: “DST daha səmərəli, etibarlı və bir o qədər də bahalı olmayan dərmandan milyonlarla insanın istifadə etməsinə imkan verən sazişi alqışlayır. Bu saziş milyonlarla imkansız insanın sağalmasına kömək edəcək”.

Hazırda geniş yayılmış antiretrovirus “kokteyli” deyilən bir neçə preparatdan ibarət vasitə ilə müqayisədə doluteqravir bir həb şəklində istehsal olunur. Onun səmərəliliyi yüksək, əlavə təsirləri azdır. Bir adamın doluteqravirlə birillik müalicə kursu cəmi 75 dollar təşkil edir.

UNAIDS-in icraçı direktoru Mişel Sidibe vurğulayıb ki, yeni saziş milyonlarla insana öz həyatının keyfiyyətini artırmaq imkanı verəcək. “Müalicə sahəsində “90-90-90” hədəfinə çatmaq üçün yeni, ucuz və səmərəli preparatları almaq imkanlarını artırmaq lazımdır”, - deyə M.Sidibe vurğulayıb.

Xatırladaq ki, UNAIDS yaxın illər üçün qarşısına İİÇV-yə yoluxanların 90 faizinin öz diaqnozunu bilməsinə, onların 90 faizinin antiretrovirus temperaturla təmin olunmasına, müalicə olunan insanların 90 faizində virusun məhv edilməsinə nail olmaq məqsədi qoyub.