Ötən il Azərbaycan Türkiyəyə təbii qaz nəqlini artırıb. Belə ki, il ərzində Türkiyəyə 6,48 milyard kubmetr təbii qaz ixrac edib ki, 2015-ci ildə bu göstərici 6,17 milyard kubmetrə bərabər olub. Bununla da ötən il Azərbaycanın Türkiyənin qaz idxalında payı 13,98 faiz təşkil edib.
Buna baxmayaraq, 2016-cı ildə Türkiyənin ümumi təbii qaz idxalında 2,2 milyard kubmetr azalma müşahidə edilib. Bununla da 2015-ci ildə 48,266 milyard kubmetr qaz idxal edən Türkiyə 2016-cı ildə bu rəqəmi 46,164 milyard kubmetrə qədər endirib. Bu, təbii qaz idxalının 4,5 faiz azalması deməkdir.
İdxalın strukturuna diqqət yetirdikdə, bu enişin əsasən Rusiyadan idxal edilən təbii qazın azalması səbəbindən baş verdiyi məlum olur. Nəticədə təkcə “Mavi axın” xətti ilə 2015-ci ildə 15,431 milyard kubmetr təbii qaz idxal edilmişdisə, keçən il bu həcm 12,844 milyard səviyyəsinə qədər enib. “Qazprom”un yaydığı məlumata görə, şirkətin Türkiyəyə təbii qaz ixracı 2016-cı ildə əvvəlki illə müqayisədə 8,6 faiz azalaraq 24,7 milyard kubmetrə enib. Halbuki “Qazprom” 2015-ci ildə bu ölkəyə 27 milyard kubmetr həcmində təbii qaz ixrac etmişdi.
Ötən il, həmçinin İrandan idxal edilən təbii qazın miqdarında da azalma olub. 2016-cı ildə bu ölkədən idxal edilən təbii qazın həcmi 7,704 milyard kubmetr olsa da, bir il əvvəl bu göstərici 7,926 milyard kubmetr olmuşdu.
Ceyhun Piriyev, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb