KÖŞƏ

Vəli İlyasov

Ermənistan niyə ipə-sapa yatmır?

22 sentyabr 2017 22:57
1468

Azərbaycan dövləti iki onillikdən artıqdır ki, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistanın işğalından azad olunması üçün gərgin mübarizə aparır. Son dərəcə ağır olan bu prosesin həlledici mərhələyə çatdırılması Azərbaycanın dünyada yeritdiyi ağıllı və ardıcıl siyasət nəticəsində mümkün olur.

Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı açıq göstərdi ki, hərbi-iqtisadi sahələrdə Ermənistanı dəfələrlə üstələməyə nail olan ölkəmiz təcavüzkarı beynəlxalq arenada da üstələyir. Prezident İlham Əliyev sessiyada çıxışına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 25 ildən artıq davam etməsi ilə başladı. Sessiya iştirakçılarına bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş yeddi rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.

Prezident İlham Əliyev münaqişənin həlli yollarından danışarkən Ermənistanın təcavüzkar hərəkətlərini kəskin tənqid edib. Bildirib ki, Ermənistan status-kvonun dəyişməz qalması üçün substansiv danışıqların qarşısını alır. Baxmayaraq ATƏT-in Minsk qrupunun həmsədrləri status-kvonun dəyişdirilməsini tələb edirlər, ancaq Ermənistan rəhbərləri heç bir tələbi saya salmır, beynəlxalq hüquq qaydalarına məhəl qoymur. İşğalçı dövlətin rəhbərləri hətta BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini də yerinə yetirməkdən boyun qaçırırlar. Həmin qətnamələrdə açıq şəkildə tələb olunur ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmalıdır. Avropa Şurasının Parlament Assambleyası, ATƏT, İƏT, Avropa Parlamenti və digər nüfuzlu təşkilatlar da Ermənistandan işğalı dayandırmağı, qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağı tələb edirlər. Lakin Ermənistanın cinayətkar başçıları bunların hamısını indiyədək qulaqardına vurublar.

Dövlətimizin başçısı işğalçının cilovlanmamasının səbəblərini də göstərib: “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standartlara əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir.”

Ermənistanın ipə-sapa yatmamasının səbəbləri bəllidir, onların havadarları var və ermənilər heç də onların köməyi olmadan Azərbaycan qarşısında tab gətirə bilməzlər. Ermənilər yaşadıqları forpost və vassal dövlətdə heç nəyin, hətta seçib-seçilmək hüququnun sahibi deyillər. Onlar Ermənistanı barmaqlarında oynadan dairələrin buyruq qulları kimi müticəsinə əmrləri icra etməklə məşğuldurlar.

Prezident İlham Əliyev haqlı olaraq beynəlxalq təşkilatların ünvanına tənqidi fikirlərini açıq söyləyib: “Təcavüzkara heç bir təzyiq göstərilmir, Ermənistanın diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.”

Dövlətimizin başçısının BMT sessiyasında müdafiə deyil, hücum xarakterli çıxış etməsi hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurdu. Prezidentimiz dünya ictimaiyyətinə sübut etdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Lakin hərtərəfli inkişaf etmiş Azərbaycan öz torpaqlarını hərbi güc vasitəsi ilə də azad edə bilər. Bunun üçün bütün hazırlıqlar görülüb: “Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.”

Sessiyada Azərbaycan Prezidenti İlham Əliyevin tutarlı dəlil və sübutları qarşısında aciz vəziyyətə düşən Ermənistan prezidenti Serj Sarkisyan müdafiə xarakterli çıxışında haqsız olduğunu və Azərbaycanın hərbi gücündən qorxduğunu büruzə verdi. Hiss olunurdu ki, cinayətkar rejimin başçısı haqqın, ədalətin qarşısında dayana bilmir, əzilir, irəli sürülən əsaslı arqumentlərə cavab tapmır. BMT-nin sessiyasında tərs “sillə” alan və havadarlarının köməyindən məhrum olan Ermənistan başçısı yüksək kürsünü məğlub durumda tərk etdi. Azərbaycan dövlətinin başçısının qətiyyətli, haqqa, ədalətə söykənən parlaq çıxışı bir daha sübut etdi ki, zaman Ermənistanın əleyhinə işləyir. Törətdikləri hərbi cinayətlərə görə cavab vermək məcburiyyətində qalan erməni başbilənlər çaşbaş vəziyyətdə ora-bura vurnuxurlar. Onların yeganə çıxış yolu isə birdir: işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmaq. Onlar başa düşürlər ki, bunu “Allah əmri ilə etməsələr, yan dəmiri” ilə edəcəklər.