25 aprel 2017 22:27
493

Türkiyənin təbii qaz tələbatı azalacaq

Oksford Enerji Araşdırmaları İnstitutu  Türkiyənin təbii qaza olan  tələbatının  daha əvvəl proqnozlaşdırılan həcmdə artmayacağını açıqlayıb. İnstitutun hesabatına   görə, Türkiyənin təbii qaz təlabatı ilə bağlı  2012-ci ildə  BOTAŞ tərəfindən yayılan proqnozlar real deyil. Proqnoza görə,  2030-cu ilə kimi bu ölkənin illik təbii qaz tələbatı    81 milyard kubmetr olacaq.

Türkiyənin təbii qaz tələbatının yaxın gələcəkdə  illik  60 milyard kubmetrə belə çatmaq ehtimalının az olduğu göstərilən hesabatda, ölkənin “mavi yanacaq”  ehtiyacının  keçən il 2009-cu ildən indiyədək  ilk dəfə azalaraq 46 milyard kubmetrə düşdüyü, bu il də artımın olmayacağının gözlənildiyi qeyd olunub. 

Oksford Enerji Araşdırmaları İnstitutunun hazırladığı hesabatda Türkiyənin enerji əldə edilməsi üçün daha çox hidro, kömür, külək və günəş enerjisi kimi yerli mənbələrə müraciət etdiyi  vurğulanıb. Həmçinin idxal hesabına əldə edilən təbii qazdan asılılığın azaldılması məqsədilə hökumətin elektrik enerjisi istehsalında “mavi yanacağ”ın payını azaltmağa çalışdığı bildirilib. Qeyd olunub ki, Türkiyə  təbii qaza olan tələbatın artımının qarşısını  almaq məqsədilə  qabaqlayıcı tədbirlər görməyə başlayıb.

Qeyd edək ki, 2016-cı ildə Türkiyənin ümumi təbii qaz idxalında  2,2 milyard kubmetr azalma olub. Bununla da 2015-ci ildə   48,266 milyard kubmetr qaz idxal edən Türkiyə  2016 ildə bu rəqəmi 46,164 milyard kubmetrə qədər endirib. Bu, təbii qaz idxalının 4,5 faiz azalması deməkdir. Ötən il Türkiyə Rusiya və İrandan təbii qaz idxalını azaltsa da, Azərbaycandan artırıb.

Türkiyə son illərdə, eyni zamanda, təbii qaz anbarlarının həcmini artırmaq, LNG (mayeləşdirilmiş təbii qaz) idxalı istiqamətində fəaliyyəti genişləndirməyə başlayıb.

Ceyhun Piriyev, “İki sahil”