TAP-ın reallaşdırılmasında yeni mərhələ

24 fevral 2017 14:33
300

Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayan, zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan liderlik keyfiyyətlərini nümayiş etdirərək təşəbbüskarı olduğu, beynəlxalq əməkdaşlığa mühüm töhfələr verən enerji, nəqliyyat-kommunikasiya layihələrini uğurla reallaşdırır. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyətə başlaması ilə Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilən Azərbaycanın inadlı səyləri nəticəsində bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında prioritet olan “Cənub Qaz Dəhlizi”nin reallaşmasında tərəfdaş ölkələrlə, həmçinin beynəlxlaq maliyyə qurumları ilə əməkdaşlığı daha da gücləndirib.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru: OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da, eləcə də  “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü iclasında  “Şahdəniz-2” layihəsinin 90 faiz səviyyəsində həyata keçirildiyini, TANAP və TAP layihələrində də mühüm uğurların müşahidə edildiyini, Azərbaycanın “Abşeron” qaz yatağının işlənilməsinə başladığını, bunun da ölkəmizin qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərdiyini bildirib.

Dövlətimizin başçısı həmişə vurğulayıb ki, bu üç layihə - “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir.  Azərbaycan bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcək və dünyadakı mövqelərini daha da möhkəmləndirəcək.

Ekspertlər bildirirlər ki,  Avropanın enerji təhlükəsizliyində və resursların şaxələndirilməsində mühüm rol oynayacaq bu beynəlxalq   layihə ilə bağlı son zamanlar intensivləşən  müzakirələr “Cənub Qaz Dəhlizi”nin uğurla reallaşdırılmasında mühüm rol oynayır. Bu mənada “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası layihə üzrə işlərin gedişatı və qarşıya çıxan çətinliklərin həll edilməsi məsələsinin müzakirəsi baxımından  çox əlverişli platformadır.

Şuranın dünən Bakıda keçirilən üçüncü iclasında  TAP-ın  uğurla reallaşdırılması məsələlərinin  müzakirə olunması layihənin iştirakçı tərəflər üçün prioritet olduğunu bir daha ortaya qoydu. Təqdirəlayiq haldır ki, Məşvərət Şurasının 2015-ci ildən bu tərəfə keçirilən iclaslarında iştirakçı ölkələrin sayının hər il artması və ildən-ilə nümayəndə heyətlərinin daha yüksək statuslu və səlahiyyətli şəxslərdən təşkil olunması bu layihəyə böyük marağın göstəricisi kimi qiymətləndirilir. Təbii ki, bütün bunlar  “Şahdəniz-2” və “Cənub Qafqaz boru kəmərinin genişləndirilməsi”  layihələri üzrə işlərin vaxtında yekunlaşmasına, “Cənub Qaz Dəhlizi”  üçün bütün seqmentlərin vaxtında reallaşdırılmasına ciddi təkan verəcəkdir.

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan “Cənub Qaz Dəhlizi” layihəsini enerji təhlükəsizliyinin prioriteti hesab etdiyini vurğulayaraq Azərbaycanın TAP-ın reallaşmasında israrlı mövqeyini bölüşdüklərini, ölkəsinin layihəyə dəstəyinin bundan sonra da davam edəcəyini bildirib. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç  “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıdığını və onun Avropa üçün vacib olduğunu, qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsinin vacibliyini vurğulayıb. İtaliyanın iqtisadiyyat naziri Pyer Karlo Kalenda deyib ki, bu ölkədə Transadriatik qaz boru kəmərinin çəkilişi üçün tədbirlər həyata keçirilir.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının dünən Bakıda keçirilən 3-cü iclasında vurğulanıb ki, TAP Avropa ölkələrinə təkcə mənbələri deyil, həm də qaz tədarükü marşrutlarını şaxələndirmək imkanı, eləcə də  qitənin enerji təhlükəsizliyinə nail olunması üzrə səylərə ciddi dəstək verəcək.

Zahid Rza, “İki sahil”