Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri iki qonşu və dost dövlət arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə kimi böyük əhəmiyyətə malikdir. Səfər çərçivəsində prezidentlərin verdiyi bəyanatlar, imzalanmış sənədlər və aparılan müzakirələr qarşılıqlı etimada əsaslanan münasibətlərin güclü siyasi iradə ilə davam etdirildiyini göstərir.
Azərbaycan ilə İran arasında münasibətlərin əsasında əsrlər boyu mövcud olmuş dostluq əlaqələri dayanır. Bu münasibətlər coğrafi yaxınlıq, ortaq dəyərlər, qarşılıqlı iqtisadi maraqlar və siyasi dialoqla daha da möhkəmlənib. İran Prezidenti Məsud Pezeşkianın geniş tərkibli nümayəndə heyəti ilə Bakıya səfəri irəliyə doğru mühüm addımdır. Dövlətimizin başçısı bəyanatında vurğulayıb ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq nümayiş etdirir. Azərbaycan və İranın BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və digər platformalarda bir-birinə göstərdiyi dəstək siyasi həmrəyliyin bariz nümunəsidir. Bu kontekstdə mövqelərin uyğunlaşdırılması, beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasətin aparılması dövlətlər arasında siyasi koordinasiyanın effektivliyini artırır.
Regionda sülhün və təhlükəsizliyin təmin olunması strateji əhəmiyyət daşıyır. Baxımdan, səmərəli əməkdaşlıq mexanizmləri dayanıqlı sabitliyin təmin olunmasında mühüm rol oynayır. Dövlət başçılarının yüksək səviyyəli görüşləri isə bu məqsədlərə nail olmaq üçün effektiv dialoq platforması kimi çıxış edir. Prezident İlham Əliyev ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplərin üstün tutulduğunu qeyd edib.
Azərbaycan ilə İranın da öz mövqeyini ifadə etdiyi 3+3 formatı regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradıb. Bu platforma vasitəsilə Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı iqtisadi fayda əsasında əlaqələrə təkan verilə bilər. Bu mexanizm uzunmüddətli əlaqələrin qurulması üçün etibarlı zəmin formalaşdırır, keçirilən görüşlər isə regional məsələlərin həllində ortaq maraqların uyğunlaşdırılmasına şərait yaradır.
Dövlətlərarası münasibətlərin mühüm istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın tranzit potensialının reallaşdırılması və İranla nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Ölkəmiz bu dəhlizin öz ərazisindən keçən hissəsində bütün əsas infrastruktur layihələrini reallaşdırıb. Bununla yanaşı, Azərbaycan İrana bitişik sərhəd bölgələrində yol infrastrukturunu yeniləyir və yeni gömrük terminalları inşa edir. Bu layihələr yük axınlarının artmasına, ticarətin genişlənməsinə və nəqliyyat şəbəkələrinin diversifikasiyasına töhfə verəcək. Dövlətimizin başçısı vurğulayıb ki, hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk: “İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”.
Səfər çərçivəsində imzalanan beş mühüm sənəd ikitərəfli əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsini təmin edir. İndiyədək tərəflər arasında 147 rəsmi sənəd imzalanıb. Həmin sənədlər iqtisadi, nəqliyyat, enerji, sərhəd təhlükəsizliyi, təhsil, mədəniyyət və humanitar sahələri əhatə edir. Ticarət dövriyyəsinin artırılması, birgə sənaye layihələrinin reallaşdırılması, sərmayələrin təşviqi, texnologiya transferi və kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədilə konkret addımlar atılır.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Bu mexanizm çərçivəsində mütəmadi olaraq görüşlər, biznes forumlar və sərgilər təşkil olunur.
Səfər zamanı mədəniyyət sahəsində əlaqələrə də xüsusi diqqət yetirilib. Prezidentlər qarşılıqlı mədəniyyət günlərinin yenidən keçirilməsi barədə razılığa gəliblər. Bu tədbirlər xalqlar arasında ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyır. Media sahəsində imzalanmış anlaşma memorandumu isə informasiya mübadiləsinin sürətlənməsinə və hər iki ölkənin informasiya məkanında bir-birini daha yaxından tanımasına yeni imkanlar yaradır.
Prezident Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Dövlətlərin nümayiş etdirdiyi siyasi iradə onu göstərir ki, Azərbaycan-İran əlaqələri gələcək regional və qlobal çağırışlara cavab verə bilən dayanıqlı modelə çevrilir. Bu səfər, ümumilikdə, bölgədə sabitlik və rifahın təmin olunmasına mühüm töhfə verəcək.
Heydər Əsədov,
Milli Məclisin deputatı