Azərbaycan çoxşaxəli xarici siyasət kursu həyata keçirərək beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrini daim genişləndirir. Bu kontekstdə ölkəmizin Çin Xalq Respublikası ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Çinin nüfuzlu CGTN verdiyi məxsusi müsahibə ikitərəfli münasibətlərin strateji səciyyəsini və çoxşaxəli əməkdaşlığın gələcək istiqamətlərini nümayiş etdirir.
3 iyul 2024-cü il tarixində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu ilə dövlətlərarası münasibətlər yeni müstəviyə yüksəlib. Həmin sənəddə əks olunan əməkdaşlıq prinsipləri – dövlət suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstək, çoxtərəfli platformalarda birgə fəaliyyət və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri hər iki ölkənin ortaq maraqlara və davamlı tərəfdaşlığa əsaslanan münasibətləri inkişaf etdirmək niyyətini göstərib.
23 aprel 2025-ci il tarixində Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması ilə qarşılıqlı etimada və uzaqgörən strateji baxışa əsaslanan münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə ortaya qoyur. Bu, iki ölkə arasında əlaqələrin dərinləşməsi və institusional bazasının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu bəyanatla yanaşı, ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, təhsil və digər sahələri əhatə edən 20-dən artıq sənədin imzalanması Azərbaycan-Çin münasibətlərinin real və çoxşaxəli məzmunla zənginləşdiyini nümayiş etdirir. Bu sənədlər yalnız iki ölkə arasında praktiki əməkdaşlığın genişlənməsinə deyil, eyni zamanda regional və qlobal sabitliyin təmin olunması naminə strateji koordinasiyanın gücləndirilməsinə xidmət edən əsaslar yaradır.
İkitərəfli münasibətlərin əsas hədəflərindən biri əməkdaşlığın dərinləşdirilməsidir. Ticarət və investisiya sahələrində qarşılıqlı marağın artması ilə yanaşı, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar və yaşıl enerji kimi sahələrdə də işbirliyi üçün geniş imkanlar mövcuddur. Çin şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində iştirakda maraqlı olmaları həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır və gələcək işbirliyi perspektivlərini daha da genişləndirir. Eyni zamanda təhsil, mədəniyyət və informasiya mübadiləsi sahəsində layihələr əlaqələrin möhkəmlənməsini təşviq edir. Çin universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqda, eyni zamanda ölkəmizdə Çin dili və mədəniyyətinə maraq genişlənməkdədir. Bu, ikitərəfli münasibətlərə yeni sosial-humanitar məzmun qazandırır. Dövlətimizin başçısı qeyd edib ki, biz qlobal trendlə ayaqlaşmaq istəyirik: “Düşünürəm ki, Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik”.
Azərbaycan və Çin beynəlxalq platformalarda da fəal əməkdaşlıq edirlər. Hər iki ölkə bir-birinin beynəlxalq hüquqa əsaslanan mövqelərinə dəstək verir. Nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələr bu əməkdaşlığın konkret nəticələrini nümayiş etdirir. Ölkəmiz strateji-coğrafi mövqeyi və müasir infrastruktur imkanları sayəsində Şərq-Qərb, Şimal-Cənub və Orta dəhliz kimi beynəlxalq nəqliyyat layihələrinin əsas iştirakçılarındandır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və bu infrastruktura inteqrasiya olunmuş digər nəqliyyat xətləri Çinlə Avropa arasında yüklərin sürətli və təhlükəsiz daşınmasını təmin edən əsas marşrutlara çevrilib. Azərbaycan, həmçinin Çinin irəli sürdüyü “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri kimi bu qlobal layihənin reallaşmasına töhfələr verir. Dövlətimizin başçısı müsahibəsində qeyd edib ki, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil: “Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır”.
Dövlətlərarası münasibətlər regional və beynəlxalq müstəvidə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi platformalar çərçivəsində də inkişaf edir. Azərbaycan ilə Çin ədalətli və çoxtərəfli dünya nizamının qurulmasını dəstəkləyir. Beləliklə, dövlət başçılarının məqsədyönlü siyasəti həm Azərbaycan-Çin münasibətlərinin hazırkı səviyyəsini, həm də gələcəkdə bu əlaqələrin hansı istiqamətdə inkişaf edəcəyinə dair “yol xəritəsi”ni müəyyənləşdirir.
Nurlan Həsənov,
Milli Məclisin deputatı