30 aprel 2025 22:49
124

Həmin tövsiyələr media subyektlərinə göndərilib - MEDİA rəsmisi

İstər mətbuatda, istərsə də  televiziyada ailə-məişət zəminində yaranan problemlər, baş verən münaqişələr, eləcə də cinayətlərlə bağlı informasiyalar qabarıq şəkildə, ən incə detalları ilə yayımlanır. Xüsusilə bəzi televiziya kanallarında yayımlanan “sosial” məzmunlu proqramlar isə geniş ekspert qrupunun iştirakı ilə “müzakirə məclisi”qurur  ailədaxili məsələləri çək-çevir edir,  problemin mahiyyətini tam  və dəqiq dərk etmədən, məsələnin üzü-astarı bilinmədən haqlı-haqsız  axtarılır, kimlərsə səhv çıxardılır, qınanılır, tənqid atəşinə tuş gəlir. Belə verilişlərin mavi ekranlardan cəmiyyətə ötürdüyü neqativlərdən doymayan bəzi sosial media səhifələri isə reytinq gətirən kadrlardan  videolar hazırlayır, pafoslu başlıqlarla paylaşım edirlər.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları, məlumatların dəqiqliyi, qərəzsiz, obyektiv yanaşmanın təmin edilməsi, əxlaq normalarının gözlənməsi və s. məsələlər peşəkar medianın inkişaf etdirilməsi kontekstində daim diqqətdə saxlanılır və bu istiqamətdə müvafiq tədbirlər, təlimlər həyata keçirilir. Medianın İnkişafı Agentliyi mütəxəssislərin prosesə cəlb edilməsi ilə media subyektləri üçün “Redaksiya siyasəti və peşə etikası qaydaları” adlı tövsiyələr hazırlayıb. Həmin tövsiyələr media subyektlərinə göndərilib və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası qaydaları təsdiq olunub.

Agentlik tərəfindən həyata keçirilən tədbirlərin əsas məqsədlərindən biri informasiya və xəbər mühitində peşəkarlıq səviyyəsini yüksəltmək, jurnalistika peşəsinin cəmiyyətdə nüfuzunu daha da artırmaq, onu yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqdan ibarətdir. Xatırladaq ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ötən il keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” mövzusunda panel sessiyada sözügedən məsələlərlə bağlı hadisələrin təfərrüatlarının insan hüquqları və jurnalist etikasından irəli gələn tələblər çərçivəsində işıqlandırılmasının əhəmiyyəti vurğulanıb, zərərçəkmiş şəxslərin mənafelərinin üstün tutulmasının vacibliyinə diqqət çəkilib. Mövzunun həssaslığı nəzərə alınaraq bu istiqamətdə müvafiq tədbirlər mütəmadi olaraq davam etdirilir”.  

            Yaqut Ağaşahqızı, “İki sahil”