İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalının əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşün məqsədi AzTU tələbələrinə "Azexport.az portalının iqtisadiyyata töhfəsi və beynəlxalq elektron ticarət platformaları" mövzusunda ətraflı məlumat təqdim etmək, “Amazon”, “Ebay” və digər beynəlxalq platformalarda rəqəmsal ticarət və beynəlxalq bazarlara çıxış yolları barədə maarifləndirici müzakirələr aparmaq olub.
Tədbiri giriş sözü ilə açan AzTU-nun Maliyyə və təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev bildirib ki, çağdaş zamanda elektron ticarət rəqəmsal iqtisadiyyatın əsas bel sütunudur. Prorektor AzTU-nun tədris müəssisəsi kimi bu sahəyə gətirdiyi yeniliklər, dərslərin universitet-sənaye iş birliyi çərçivəsində daha praktiki keçirilməsi, tələbələrin problemlərə yaradıcı həll yolu kimi yanaşaraq startaplarını düşünməyin əhəmiyyəti və nəticədə biznes dünyasına qatacağı qatqılardan bəhs edib. O, bu sahədə uğur qazanmaq istəyən AzTU tələbələrinə rəqəmsal bacarıqlarını inkişaf etdirməyi, analiz və çevik qərar qəbul etmə qabiliyyətini formalaşdırmağı və adaptasiya, ən son tendensiyaları, trendləri öyrənməyi, ən əsası, süni intellektlə birgə işləməyi tövsiyə edib.
Azexport.az portalının rəhbəri Ayxan Qədəşov öncə görüş üçün şərait yaratdığına görə AzTU rəhbərliyinə təşəkkürünü ifadə edib. O, daha sonra portalın təqdim etdiyi xidmətlər, elektron ticarət, onun üstünlükləri və riskləri haqqında məlumat verib. “Rəqəmsal özünüməşğulluq imkanları” mövzusunda təqdimatla çıxış edən Ayxan Qədəşov dünyada və Azərbaycanda elektron ticarətin nüfuzunun və istifadəçilərinin sayının ildən ilə artdığını qeyd edib və tələbələrin bu istiqamətə fokuslanmasını tövsiyə edib. Daha sonra o, “Amazon”, “e-Bay” kimi beynəlxalq elektron ticarət platformalarının iş prinsipləri, qaydaları və rəqəmsal dünyadakı satış prosesinin tələbləri haqqında bilgi və təcrübələrini AzTU tələbələri ilə bölüşüb.
Çıxışlardan sonra sual-cavab sessiyası başlayıb və tədbir panel müzakirələri ilə yekunlaşıb
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib