11 iyun 2025 22:28
214

Rusiya rəsmisinin müttəfiqlik münasibətlərinə zidd mövqeyi təəccüb və təəssüf doğurur

Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində "Russia Today" kanalına verdiyi müsahibədə Qarabağı "mübahisəli ərazi" kimi təqdim etməsi Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünə qarşı açıq şəkildə hörmətsizlikdir. İki sahil.TV-yə müsahibəsində siyasi şərhçi Azər Həsrət Medinskinin səlahiyyətindən kənar və tarixi reallıqlara zidd açıqlamalarına aydınlıq gətirdi.

- Azər müəllim, Medinskinin bu açıqlamasının arxasında hansı məqsədlər dayanır?

- Bu cür bəyanatlar Rusiya rəsmilərinin Azərbaycanın suverenliyinə dair mövqeyində qeyri-müəyyənlik və ikili standartların mövcud olduğunu göstərir. Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Azərbaycanla, xüsusilə də Qarabağla bağlı səsləndirdiyi ifadələr, əlbəttə ki, Azərbaycan tərəfindən qəbul edilə bilməz. Eyni zamanda bu, Azərbaycanın Rusiyaya münasibətinə zərbə vuran, formalaşmış yaxşı əlaqələri pozan bir açıqlamadır. Onun Qarabağı “mübahisəli ərazi” kimi təqdim etməsi isə ümumiyyətlə anlaşılmazdır. Xüsusilə də Qarabağın tam şəkildə azad olunmasından və Ermənistanın da bu reallığı rəsmi şəkildə qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra belə bir fikir səsləndirməsi yersizdir.

- Bu fikirlər Rusiya dövlətinin rəsmi mövqeyi kimi qəbul edilə bilərmi?

- Rusiya dövlətinin ən yüksək səviyyəsində təmsil olunan şəxslərin Azərbaycan torpaqları ilə bağlı reallıqları hələ də qəbul edə bilməmələri təəssüf doğurur. Bu səbəbdən, Qarabağla bağlı qeyri-müəyyən mövqelər ifadə edirlər. Digər tərəfdən, Azərbaycan dövləti müstəqillik illəri boyunca Rusiya ilə münasibətlərə önəm verib və heç vaxt qarşıdurma yolunu seçməyib. Lakin təəssüf ki, Rusiyanın rəsmi dairələri bəzən heç bir səbəb olmadan bu cür uyğunsuz açıqlamalarla ikitərəfli münasibətlərə zərbə vururlar. Medinskinin bu yanaşmasına Rusiya Prezidentinin müdaxilə etməsi və düzəliş verməsi zəruridir. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı münasibət bildirib və kifayət qədər əsaslı arqumentlərlə açıqlama verib. Lakin bu, hələ də qarşı tərəfin gözlənilən səviyyədə münasibət bildirməsinə səbəb olmayıb. Beləliklə, Rusiya rəsmiləri, xüsusilə də Medinski kimi şəxslər Azərbaycan xalqından üzr istəməlidirlər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağın Azərbaycan torpağı olduğunu vurğulaması müsbət haldır. Lakin Prezidentin köməkçisi səviyyəsində əks fikirlərin səsləndirilməsi narahatlıq doğurur.

- Medinskinin Qarabağı “mübahisəli ərazi” adlandırması beynəlxalq hüquq baxımından nə dərəcədə əsaslıdır? 

- Rusiya rəsmilərinin bizim torpaqlarımızın bütövlüyünü şübhə altına alması bütün dünyanın, o cümlədən BMT-nin tanıdığı Azərbaycan ərazilərinin legitimliyinə qarşı çıxmaq deməkdir. Bu halda Rusiya dövlətinin özünün də tanıdığı torpaqlarımızı sual altına alması anlaşılmazdır və bunun izahı olmalıdır. Əgər bu, baş verməzsə, biz Rusiya dövlətinin Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd planının olduğunu nəzərə almalıyıq.

- Medinskinin fikirlərinə qarşı Azərbaycanın XİN-in verdiyi bəyanatı necə dəyərləndirirsiniz? 

- Azərbaycan Xarici İşlər Nazirliyinin bu bəyanata dərhal və sərt reaksiya verməsi ölkənin öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün qətiyyətli olduğunu nümayiş etdirir. Təəccüblü hal odur ki, Rusiya Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. Xatırlatmaq istərdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır. Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir. Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam Qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub.

Cənab Medinskiyə tövsiyəmiz odur ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməsin.

Azərbaycan Xarici İşlər nazirliyinin bu cavabı  həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın bu cür təxribatlara qarşı dözümsüz olduğunu və öz hüquqlarını müdafiə etməkdə qərarlı olduğunu göstərir.

- Rusiya rəsmilərinin bu cür açıqlamaları regionda sülh prosesinə hansı şəkildə təsir edə bilər? 

- Belə çıxışlar nə Ermənistan, nə də Azərbaycan üçün faydalıdır. Rusiya rəsmilərinin Qarabağla bağlı təhrif olunmuş və qərəzli açıqlamaları regionda sülh prosesinə mənfi təsir göstərə bilər. Sülh danışıqlarında neytral mövqe vacibdir. Rusiya rəsmisinin belə çıxışları bu ölkənin qərəzli tərəf kimi qəbul edilməsinə səbəb olur. Nəticədə Medinskinin bu cür açıqlamaları Rusiya-Azərbaycan münasibətlərində gərginlik yarada və regionda sülh və sabitliyə zərər verə bilər. 

Xatırladaq ki, 2022-ci il fevralın 22-də Rusiya və Azərbaycan arasında imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə tərəflər bir-birinin dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına və qarşılıqlı hörmət prinsipinə sadiqliklərini təsdiqləyiblər. Bu səbəbdən, Rusiya rəsmilərinin daha məsuliyyətli və beynəlxalq hüquqa uyğun mövqe sərgiləmələri vacibdir.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”