23 avqust 2017 22:26
1280

Türkiyə-Azərbaycan birliyi əbədi və sarsılmazdır

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin mütəmadi olaraq gündəmə gətirilməsi ermənilərin və ermənipərəst qüvvələrin çirkin niyyətlərindən qaynaqlanır

İki dost, qardaş ölkənin - Türkiyə-Azərbaycan münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə bələdçilik edən bu fikirləri bir daha xatırlatmaq istərdik. Böyük öndərlər-Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinici bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “İki dövlət, bir millət” tezislərinin davamı olaraq Prezident İlham Əliyev bildirir: “Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır. Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir.”

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət olaraq Türkiyə bütün məsələlərdə Azərbaycanın yanında olmuş, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edərək birliyimizi, həmrəyliyimizi dünyaya nuümayiş etdirmişdir. Azərbaycan-Türkiyə birliyi dünyaya bir mesaj kimi dəyərləndirilir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, qeyd olunur ki, bu birlik regionda təhlükəsizliyin, sabitliyin qarantıdır. Bir xatırlatmanı da etmək istərdik ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə cənab İlham Əliyev bu mühüm hadisəni Türkiyə və Azərbaycanın müştərək yeri kimi dəyərləndirmişdir. Beynəlxalq tədbirlərdə iki dost, qardaş ölkənin bayraqlarının qoşa dalğalanması da bu birliyin, həmrəyliyin göstəricisidir. “Bizim birliyimizdən çox şey asılıdır” söyləyən Prezident İlham Əliyev  Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını faktlar əsasında diqqətə çatdırır. Rəsmi dövlət nümayəndələrinin, eyni zamanda  güclü diasporun  Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyli yolunda atılan ciddi siyasi addımlar hesab olunur.

“Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi- bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması və eyni zamanda ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılması mümkün deyil” kimi qərarında israrlı olan rəsmi Ankaranın bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan edir. Baxmayaraq ki, ermənilər və ermənipərəst qüvvələr zaman-zaman Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə kölgə salmaq üçün sərhədlərin açılması məsələsini gündəmə gətirir, ətrafında qeyri-ciddi, reallıqdan uzaq müzakirələr aparırlar.

Qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün göstərilən təşəbbüslərin səmərə vermədiyi dəfələrlə müşahidə edilib. 2009-cu ildə imzalanmış Türkiyə-Ermənistan protokollarının icra edilməməsinin iki əsas səbəbi var idi. Birincisi, Azərbaycan və Türkiyə ictimaiyyətinin reaksiyası idi. Protokolların imzalanma səbəbləri də bəlli idi-Türkiyənin Avropa Birliynə üzv qəbul edilməsi yolunda rəsmən açıqlanmayan əsas şərtlərdən biri Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin açılması idi. Ermənistan hakimiyyəti hər zaman belə bir ümidlə yaşayır ki, Türkiyə Avropa Birliyinə üzv qəbul olunmaq üçün Ermənistan-Türkiyə sərhədlərinin açılmasına razılıq verəcək, eyni zamanda qondarma “erməni soyqırımı”nı tanıyacaq. Onların bu sərsəm düşüncələrinə cavab olaraq rəsmi Ankara bildirir ki, Avropa Birliyinə üzv qəbul olunmaq Türkiyənin haqqıdır. Şərtlərə gəldikdə isə Azərbaycan torpaqları işğaldan azad olunmayınca Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz. “Erməni soyqırımı” məsələsinə gəldikdə isə ermənilər bu məsələdən siyasi məqsədləri üçün bəhrələnirlər. Soyqırıma məruz qalan ermənilər deyil, türklərdir. Rəsmi Ankara dəfələrlə tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılması, dünya arxivlərinin açılması təşəbbüsünü irəli sürsə də, Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə bundan yayınmış, “bu məsələ ilə tarixçilər deyil, siyasətçilər məşğul olur” söyləməklə fakt qarşısında acizliklərini açıq-aydın büruzə vermişdir.

2009-cu ildə o zaman Türkiyənin Baş naziri olan Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı  Milli Məclisdəki çıxışında verdiyi bəyanatı da xatırlatmaq yerinə düşər - Dağlıq Qarabağda işğal bitmədən Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Türkiyənin digər rəsmi şəxsləri də dəfələrlə Dağlıq Qarabağda işğal bitmədən sərhədlərin açılmayacağını bəyan ediblər.

Bu günlərdə Türkiyənin Rusiya ilə yaxınlaşması sərhədlərin açılması məsələsini yenidən aktuallaşdırıb. Qeyd etdiyimiz kimi, ermənilər və ermənipərəst qüvvələr mövcud durumdan bəhrələnərək bu məsələni qabartmaqla öz çirkin niyyətlərini həyata keçirəcəklərini düşünürlər. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin Avrasiya İqtisadi Birliyi (AİB) ilə anlaşma imzalamaq niyyətində olduğunu deyib. O bildirib ki, Ankara AİB ilə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. AİB-də işğalçı Ermənistan da təmsil olunduğundan bəzi şərhçilər bunun Ermənistanla sərhədlərin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyini qeyd edirlər. Artıq Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, AİB ilə anlaşma imzalamaq üçün qurumun İrəvanın razılığına ehtiyacı var. Erməni mediası isə iddia edir ki, rəsmi İrəvan Türkiyə qarşısında sərhədlərin ön şərt qoyulmadan açılması şərtini irəli sürə bilər.

Lakin bu məqamı da unutmaq olmaz ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması yalnız Azərbaycanla əlaqədar deyil. Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Hətta Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan prortokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd olunurdu. Bu o deməkdir ki, Türkiyənin Ermənistana hansı güzəştə getməsindən asılı olmayaraq ermənilər nə qondarma “soyqırımı”nın tanınması, nə təzminat almaq, nə də ərazi iddialarından geri durmurlar.

Bütün bu cəhdlər təbii ki, sonda sabun köpüyündən başqa bir şey deyil. Türkiyə-Azərbaycan birliyi, həmrəyliyi günbəgün möhkəmlənməkdədir. Dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan layihələrin əsas iştirakçıları Türkiyə və Azərbaycandır. Əsrin möcüzəsi adlandırılan, hər iki dövlətin bilavasitə təşəbbüsü və dəstəyi ilə reallaşan BTC və BTQ neft-qaz kəmərlərindən sonra inşasına başlanılan Bakı-Tbilisi- Qars dəmir yolu siyasi, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç də geridə qalmır. Tarixi İpək Yolunun bərpası kimi böyük önəm verilən bu yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula istiqamətlənəcək, Londonu, bütün Avropa ölkələrini birləşdirəcək. TANAP, TAP, “Cənub” Qaz Dəhlizi, kimi layihələr Azərbaycan və Türkiyə dövlətinin siyasi iradəsinin nəticəsində reallığa çevriləcək.

Türkiyə və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri münasibətlərdə yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya yaxın vaxtlarda gerçəkləşdirəcəyi səfərin Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir. Geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini yalnız iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir. Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin multikultural cəmiyyətlərin formalaşmasına töhfələri böyükdür. Dövlətimizin başçısı İlham Əliyevin 22-ci Dünya Neft Konqresində çıxışında səsləndirdiyi bu fikirləri bir daha qeyd etmək istərdik: “Bu gün biz enerji təhlükəsizliyi deyəndə əlbəttə ki, icra etdiyimiz layihələr yada düşür... Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik, rifah gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır.”

Bu gün yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qardaş Türkiyənin mövqeyi göz önündədir. Hər zaman Azərbaycanın yanında olduğunu bəyan edən rəsmi Ankara məsələnin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini bəyan edir. Problemin həllində vasitəçilik missiyasını yerinə yetirməyə hər zaman hazır olduğunu bəyan edən Türkiyənin bu istəyinə ermənilərin və onların havadarlarının münasibəti belə olub ki, rəsmi Ankara birtərəflilik prinsipini həyata keçirir. Onların düşüncələrinə görə, ədaləti müdafiə etmək birtərəflilik, işğalçını dəstəkləmək isə beynəlxalq hüquq normalarına uyğundur. Maraqlar bütün hallarda ədalət prinsipini üstələyir.

Lakin əvvəldə də qeyd etdiyimiz kimi, göstərilən cəhdlərə baxmayaraq, Azərbaycan-Türkiyə birliyi möhkəm təməl üzərində daha da inkişaf edir, dünyaya gərəkli olan mesajları çatdırır.

Yeganə Əliyeva, “İki sahil”