11 iyul 2025 10:14
200

Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə salınıb

Əfqan Vəliyev: “Qərbi azərbaycanlıların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi, tarixi ədalətsizliyin aradan qaldırılması, sadəcə, Azərbaycanın deyil, eyni zamanda beynəlxalq təşkilatların da gündəliyində dayanan məsələdir”.

Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı tarixi ədalətin bərpası ilə yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, barışığın bərəqrar olması üçün vacib şərtdir. Qərbi Azərbaycan İcmasının müraciətlərinin Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq qurumların rəsmi sənədi kimi yayılması bir daha göstərir ki, bu məsələ artıq beynəlxalq gündəliyə daxil edilib.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşklatının  (ECO) 17-ci Zirvə görüşündəki çıxışı bu mənada xüsusi məqamlarla diqqət çəkir. Bunlardan biri də cənab Prezidentin Qərbi Azərbaycan məsələləri ilə bağlı açıqlamaları və verdiyi bəyanatdır. Ölkəmizin başçısı bildirdi ki, keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Cənab Prezident onu da qeyd etdi ki, bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair qəbul edilən “İstanbul Bəyyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıdışı təsdiqlənir. Həmçinin Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Dövlətimizin başçısı vurğuladı ki, Qərbi azərbaycanıların indiki Ermənistandakı öz dədə-baba torpaqlarına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.

Ə.Vəliyev qeyd etdi ki, Prezident İlham Əliyevin bu çıxışı Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəlikdə tutduğu yerin təsdiqlənməsi baxımından xüsusi əhməyyət kəsb edir. Ölkə başçısının bu çıxışı bir daha göstərdi ki, Qərbi azərbaycanlıların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi, tarixi ədalətsizliyin aradan qaldırılması, sadəcə, Azərbaycanın deyil, eyni zamanda beynəlxalq təşkilatların da gündəliyində dayanan əsas məsələdir.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri bildirdi ki, soydaşlarımızın yüz illər boyu Qərbi Azərbaycanda yaşadığını tarixi sənədlər, abidələr, mənbələr,  xəritələr eyni zamanda, bu ərazidəki maddi-mədəni irs nümunələri təsdiq edir. Azərbaycanlılar bu ərazidə e.ə II yüzillikdən yaşamağa başlayıblar. Bunu məhz həmin dövrlərə aid yüzlərlə, minlərlə abidələr, eksponatlar təsdiq edir. Ermənilər Qərbi Azərbaycan ərazilərinə yalnız 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay, 1829-cu il Ədirnə sülh müqavilələri nəticəsində İran və Türkiyə ərazisindən köçürülüblər. Bu ərazilərə köçürlən ermənilər zaman-zaman terror təşkilatları yaradaraq soydaşlarımıza divan tutub, zülm ediblər. Bu torpaqlara məqsədli şəkildə köçürülən ermənilər Çar Rusiyasının dəstəyi ilə İrəvan xanlığının ərazisində məşkunlaşıblar. Təbii ki, bütün bunlar təsadüfi deyildi və Qərbi Azərbaycanın erməniləşdirilməsinin başlanğıcı idi.

Ə.Vəliyev qeyd etdi ki, ermənilər 1905-1907-ci illərdə azərbaycanılara qarşı soyqırımı həyata keçiriblər. 1918-20-ci illərdə  isə 40 mindən çox azərbaycanlı qətlə yetirlib, öz doğma torpaqlarından zorla qovulub. Həmin dövrdə yalnız əhali deyil,  o ərazilərdə tarxi keçmişimizi əks etdirən maddi-mədəni irs də soyqırımına məruz qalıb. Ermənilər 1918-20-ci illərdə azərbaycanlıları məscidlərə dolduraraq diri-diri yandırırdılar. Onların əsas məqsədi soydaşlarımızı Qərbi Azərbaycandan didərgin salaraq erməni dövləti qurmaq idi. 1918-ci ildə AXC-nin İrəvanı ermənilərə güzəştə getməsi ilə demək olar ki, Ermənistan dövləti quruldu. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyasından sonra ermənilər soydaşlarımıza məxsus toponimləri, yer adlarını dəyişdirdilər, abidələri erməniləşdirdilər. Onların əsas məqsədi Ermənistanı monoetnik dövlətə çevirmək idi. Onlar bu mənfur niyyətlərinə 1988-1991-ci illərdə nail oldular.

Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri nəticəsində Qarabağ və Şərqi Zəngəzur 30 illik işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Qısa müddətdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosersi başladı. Məhz bundan sonra Qərbi Azərbaycan məsələsi ümummili məsələyə çevrildi. Qərbi Azərbaycan İcması yaradıldı. Onu da qeyd edim ki, İcmanın Qayıdış Konsepsiyasında soydaşlarımızın öz ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz, ləyaqətli və könüllü qayıdışı məsələləri öz əksini tapıb.

Bir daha qeyd etmək istərdim ki, cənab Prezidentin Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşklatının 17-ci Zirvə görüşündəki çıxışı  Qərbi azərbaycamıların öz tarixi torpaqlarına qayıdışı hüququna beynəxalq müstəvidə diqqətin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz ki, deportasiya prosesində soydaşlarımız öz yaşayış yerlərindən, torpaq sahələrindən məhrum olunublar. Etnik mənsubiyyətinə görə hədəf alınan azərbaycanlılartın doğulduqları yerdə yaşamaq hüuqları əllərindən alınıb, maddi-mədəni irslərinə, dini dəyərlərinə qarşı soyqırımı siyasəti həyata keçirilib.

Ermənistanın bu gün də Qərbi azərbaycanlıların deportasiyası zamanı baş verənlərə etinasız yanaşması regional sabitliyə, beynəlxalq hüquqa zidd addımdır. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan regionda sülhdən çox millətçi-irqçi ideologiyaya üstünlük verir. Müxtəlif bəhanələrlə  davamlı və dönməz sülh prosesinə əngəl olur. Beynəlxalq hüququn normalarını pozaraq Qərbi azərbaycanlıların  hüquqlarının bərpası istiqamətində hər hansı bir addım atmır.

Həmsöhbətimiz əmindir ki, Prezident İlham Əliyevin Xankəndidə keçirilən mötəbər tədbirdəki çıxışı Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə daşınmasına böyük töhvə verəcək: “Hesab edirəm ki, bunnda sonra da bu məsələ ilə bağlı vətəndaş cəmiyyəti nümyəndələri, elm adamları fəaliyyətlərini daha da gücləndirməlidirlər. İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, eyni zamanda İrəvan qazısinin təyin edilməsi Qərbi Azərbaycana qayıdış istiqamətində atılan uğurlu addım kimi qiymətləndirilə bilər”.

 Mərkəzin  sektor müdiri bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə  çatdırılması istiqamətində işlər davam edir: “May ayının 21-23-də qardaş Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans bunun bariz nümunələrindən biridir. Qeyd edim ki, bu mötəbər tədbirdə Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, o cümlədən Türkiyə Böyük Millət Məclisinin üzvləri, dövlət qurumlarının təmsilçiləri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak edirdilər. Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxudu. Bu tədbir Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir bir daha sübut etdi ki, Qərbi Azərbaycan məsələsi Azərbaycanla yanaşı, qardaş Türkiyənin  və bütün türk dünyasının da ümdə məsələsidir.

Əminliklə deyə bilərəm ki, cənab Prezident İlham Əliyevin liderliyi ilə Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, tezliklə İrəvana, Zəngəzura, Göyçəyə, Dərələyəzə, bir sözlə, Qərbi Azərbaycana da sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdacağıq”.

 Zahid Rza, “İki sahil”