11 iyul 2025 21:45
98

Paşinyan məqsədinə nail ola biləcəkmi?

Baş nazirin niyyəti revanşistləri tamamilə sıradan çıxarmaqdır

Ermənistanda davam edən hakimiyyət-kilsə mübarizəsi daha kəskin xarakter almaqdadır. Hətta bu günlərdə Nikol Paşinyan sosial şəbəkədə yazıb ki, Eçmiədzin kilsəsi antixristian, əxlaqsız, antimilli və antidövlət qrupu tərəfindən ələ keçirilib. O, həmçinin Erməni Apostol Kilsəsinə qarşı mübarizəyə şəxsən özünün rəhbərlik edəcəyni də bildirib.

Qeyd edək ki, bundan əvvəl, daha doğrusu, mayın 29-da hökumətin iclasında Nikol Paşinyan kilsələrin vəziyyətini tənqid edərək, onları “eybəcər və zibillə dolu” adlandırıb. İyunun 2-də Paşinyan subaylıq andını pozduğu üçün bütün ermənilərin katalikosu II Qareginin ümumerməni katolikosu vəzifəsində qalmasının yolverilməz olduğunu bildirməklə yanaşı, növbədənkənar seçkinin keçirilməsinin zəruriliyini də vurğulamışdı. İyunun 22-də II Qaregin bəyan etmişdi ki, Ermənistan hakimiyyətinin başladığı kilsə əleyhinə kampaniya milli birliyə, ölkənin daxili sabitliyinə ciddi təhlükə və dövlətçiliyə birbaşa zərbədir.

Bu qarşıdurmadan isə müxalifət, daha doğrusu, sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan və Serjik Sarkisyan yararlanmaq niyyətindədirlər. Hətta Ermənistan müxalifətinin ölkədə dövlət çevrilişi planlaşdırdığı da üzə çıxıb. Elə bu səbəbdən sözügedən ölkədə həbslər başlayıb. Saxlanılanların arasında Erməni Apostol Kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan, arxiyepiskop Mikael Acapaxyan və digərləri də var.  Onlar hakimiyyəti ələ keçirməkdə, konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunurlar. BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik RİA Novostinin erməni ruhanilərinin həbsləri və Erməni Apostol Kilsəsinə təzyiqlər barədə sualını cavablandırarkən bu məsələlərin lazımi hüquqi prosedur çərçivəsində həll ediləcəyinə ümid etdiyini bildirib.

Amma görünən odur ki, Paşinyan hakimiyyətə qarşı birləşmək istəyənlərə qarşı sərt addımlar atmaqda davam edir.  Elə Ermənistan parlamentində müxalif "Hayastan" blokunun rəhbəri, əli yüzlərlə azərbaycanlının qanına bulaşmış, 2000-2007-ci illərdə Qarabağdakı qondarma keçmiş rejimin, 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuş, 44 günlük müharibədə isə qondarma rejimin “prezident”inin hərbi məsləhətçisi kimi Şuşanın müdafiəsinə rəhbərlik etmiş Seyran Ohanyanın, həmçinin konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda ittiham olunan Artur Sarkisyanın deputat toxunulmazlığının ləğvi də bundan xəbər verir.  Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə parlamentinin "Ermənistan" fraksiyasından olan deputatı, "Daşnaksütyun" Partiyasının üzvü Geqam Manukyanın oğlu Taron Manukyanı da saxlayıb. O, məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib. "Daşnaksütyun" Partiyasının gənclər qanadının üzvü Andranik Çamiçyan da saxlanılıb.

Bu isə o deməkdir ki, Nikol artıq “Daşnaksütyun” Partiyasına qarşı da cəhbə açıb. Yəni, o, dini ruhaniliyin dəstəklədiyi daşnakları sıradan çıxarmağa qərar verib. Şübhəsiz, bu gediş kilsəni və onun rəhbəri II Qaregini başlıca dayaqlarından məhrum etmək məqsədi daşıyır. Bəzi erməni mənbələri bütün bunları baş prokuror Anna Vardapetyanın baş nazirin göstərişlərini yerinə yetirməsi kimi təqdim edirlər. Hətta onu “Nikolun prokuroru” adlandırırlar. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Asmik Akopyan “Daşnaksütyun” üzvlərinin evlərindən aşkar edilənlərə (detonator, döyüş qumbarası, radiorabitə avadanlıqları və s.) istinad edərək bildirib ki, sözügedən təşkilatı terror təşkilatı elan etmək barədə düşünməyin vaxtıdır.

Erməni mənbələrinə görə, Paşinyan bu günlərdə qapalı müzakirələr zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına onun hakimiyyətinə müxalif olanlarla, o cümlədən keçmiş müdafiə naziri Arşak Karapetyan və hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilmiş “Taşir” qruplaşmasının lideri, rusiyalı milyarder Samvel Karapetyanla bağlı tapşırıqlar verib. Yeri gəlmişkən, sahibkar Samvel Karapetyana məxsus "Taşir Pizza" restoranlar şəbəkəsinin direktoru Vaginak Kazaryanın həbsi də elə bundan xəbər verir. Paşinyan Erməni Apostol Kilsəsini dəstəkləyən Samvel Karapetyan haqqında sosial şəbəkədə sərt açıqlamalar verib. Hətta bildirib ki, kimlərsə haradansa Ermənistana gəlib özlərinə görə nəsə edə bilər: “Ermənistanın konkret reaksiya rıçaqları var və mən heç kimə dözməyəcəyəm və ən sərt tədbirlər tətbiq edəcəyəm". Görəsən, üfüqdə Bakı ilə İrəvan arasındakı sülhün göründüyü bir zamanda Paşinyan öz istədiyinə, yəni, rəqiblərini tamamilə sıradan çıxarmağa nail ola biləcəkmi?

Qvami Məhəbbətoğlu, “İki sahil”