11 iyul 2025 09:00
121

Orta Dəhliz: Strateji əhəmiyyətli, dayanıqlı nəqliyyat marşrutu

Asiya ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası ölkəmizin beynəlxalq məkana inteqrasiyası ilə yanaşı, olduqca güclü iqtisadi potensialı özündə ehtiva edir. Düşünsək ki, Azərbaycan Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsidir, bu zaman mövcud potensialın inkişaf dinamikası gələcək perspektivdə ölkəmizin geosiyasi və iqtisadi çəkisini daha da artıracaq. 2018-ci ildə yaradılmış Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, yaxud Trans-Xəzər Şərq-Qərb-Orta Dəhliz Təşəbbüsünə (Orta Dəhliz) strateji baxışı özünü doğruldur. Orta Dəhliz Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün ən optimal varianta çevrilir və həm Çin, həm də Avropa regionu ölkələri üçün nəqliyyat şaxələndirilməsinə ehtiyacları qarşılayan optimal həll yoludur. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Respublikamız trans-Xəzər marşrutu üzrə ən önəmli halqalardan biridir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Xüsusi vurğulamaq lazımdır ki, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə gələn yüklər Ələt limanında qəbul edilərək ölkəmizin ərazisində müasir infrastrukturla Orta Dəhlizə inteqrasiya edilmiş marşrutlara yönəldilir. Hazırda tələbatın artması ilə əlaqədar olaraq Azərbaycan Ələtdəki dəniz limanının ötürücülük imkanlarının genişləndirilməsi layihəsinin icrasını da uğurla davam etdirir. Azərbaycanı Mərkəzi Asiya türk dövlətlərindən nəqliyyat sahəsində fərqləndirən əsas cəhət ölkəmizin bütün nəqliyyat arteriyalarının kəsişdiyi nöqtə olmasıdır.

Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycan ərazisindən daşınan müxtəlif məhsulların həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə bağlıdır. Rusiya və İranın sanksiyalara məruz qaldığı bir dövrdə Çin, Mərkəzi Asiya və Avropanın Azərbaycandan keçən Orta Dəhlizə baxış bucağı genişlənir. Xüsusən də Çin Rusiya-Ukrayna müharibəsinin Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırdığı üçün Orta Dəhlizə xüsusi önəm verir. Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ hesab edilir. Belə ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz vasitəsilə daha qısa vaxt sərf etmiş olur. 2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm konteynerlərin daşınması reallaşdırılır. Təkcə 2021-ci ildə Çin–Avropa arasında, hər iki istiqamət üzrə, ümumilikdə, dəmir yolu ilə 84,9 milyard dollarlıq yük daşınması həyata keçirilib. 2020–2021-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350-530 min ton arası olsa da, təkcə 2022-ci ildə bu rəqəm 3,2 milyon tona qədər artıb.

2024-cü ilin mart ayında Çinin Sian şəhərindən Orta Dəhlizlə Bakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizin tranzit potensialında yeni mərhələ açıb. Davamlı tədbirlər, görüşlər və razılaşmalar sayəsində ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib) göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. 2024-cü il ərzində bu dəhlizlə Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyir. İnfrastruktur imkanlarımız bu il 1000 və 1000-dən artıq blok-qatarın Azərbaycan ərazisi ilə daşınmasına imkan verir. Bu rəqəmlər Orta Dəhlizin strateji əhəmiyyətini və potensialını bir daha təsdiqləyir. Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. Bu, yerli sahibkarlara öz yüklərini Orta Dəhlizlə birbaşa Çinə göndərməyə şərait yaradır.

Yeri gəlmişkən, Çindən Orta Dəhliz vasitəsilə iyulun 9-da Avropaya yeni yük qatarı marşrutu açılıb. Azərtacın yaydığı məlumata görə, Çinin qərbindəki ən iri 2 şəhəri olan Çendu və Çonçindən yükləri götürən ultraekspres blok qatarı Sincan Uyğur Muxtar Rayonundakı Horqos terminalından Qazaxıstana keçəcək. Kommunikasiya avadanlığı, avtomobil hissələri və digər mallar yüklənmiş qatar Orta Dəhlizlə yolunu davam edərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək yükləri Avropa ölkələrinə çatdıracaq. Qeyd edək ki, bu, son 10 gün ərzində Çindən Orta Dəhliz vasitəsilə Avropaya açılan 2-ci yük qatarı marşrutudur. İyunun 30-da paytaxt Pekindən Avropaya ilk yük qatarı yola salınıb. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə hərəkət edən qatarın yola düşəndən 15 gün sonra Bakıya çatması gözlənilir. Qatar ənənəvi dəniz yolu ilə müqayisədə yükləri Bakıya 30 gün daha tez çatdıracaq. Qatardakı bəzi yüklər Bakıdan Gürcüstan, Türkiyə və Serbiyaya yola salınacaq.

Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan yaxın gələcəkdə yenidən işə düşməsinə dövlətimiz tərəfindən ciddi səy göstərilən Zəngəzur dəhlizi, Orta Dəhliz boyunca istehsal sahələrinin, sənaye zolaqlarının, biznes imkanlarının yaradılmasını hədəfləyir. Cənubi Qafqaz ölkələri ilə əlaqələrini daha da möhkəmləndirən, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr verən Azərbaycan nəqliyyat sektorunun inkişafı məqsədilə xarici investorları da bu sahədə əməkdaşlığa cəlb edir. Bu günlərdə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bildirib ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi yumşalıb. Onun sözlərinə görə, Ermənistan əvvəllər Zəngəzur dəhlizinə qarşı olsa da, iqtisadi inteqrasiyaya qoşulmaq üçün indi daha yumşaq mövqe sərgiləyir. Türkiyə prezidenti deyib ki, Zəngəzur dəhlizi regionun inkişafı üçün vacib məqamdır. Onun sözlərinə görə, bu, sadəcə Azərbaycan üçün deyil, Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün də bir fürsətdir: “Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin strateji inkişafına da imkan yaradacaq. Zəngəzur dəhlizi dəmir yol sistemini də özündə birləşdirir. Orta Dəhliz bütün gücünü Zəngəzur xəttindən alır. Orta Dəhlizin Zəngəzur xətti ilə birləşməsi və birləşdikdən sonra yük və sərnişin daşınmasında yer alması çox önəmlidir”.

Sevinc Azadi, “İki sahil”