Bu gün qlobal arenada bütün sahələr üzrə öndə olan və milli maraqlarını inamla diktə edən Azərbaycan dövləti çətin və keşməkeşli yollardan keçib. Şərqdə ilk demokratik respublika Azərbaycan adına qurulsa da, amma ömrü qısa oldu və sovet işğalı dönəmində nəinki milli dövlətçilik atributlarımız məhv edildi, hətta dil, mədəni irs, adət-ənənələr kimi vacib elementlər, idarəçilikdə milli kadrlar belə sıradan çıxarılmağa başlanıldı. Yarım əsrlik bir dövrdə iki-üç azərbaycanlı dövlət rəhbərliyinə gətirildi ki, onların da fəaliyyəti Kremlin ümumi imperailst siyasətinə tabe olmaqdan başqa heç nə ilə yadda qalmadı. İyirminci ildə süqut edən dövlətçiliyimiz 49 il sonra müasir Azərbaycan tarixə adını xilaskar lider kimi həkk etdirəcək Heydər Əlyevin siyasi hakimiyyətə gəlişi ilə dirçəldi.
1969-cu ilin 14 iyulunda Heydər Əliyevin Azərbaycan KPM-nin birinci katibi seçilməsi ilə Azərbaycan dövlətinin müstəqilliyi rəsmən elan olunmasa da, sözün bütün mənasında bu müstəqilliyin fundamental əsasları quruldu.
Azərbaycan konstitusiyasının qəbulu, ana dilimizin rəsmi dövlət dili elan olunması, milli kadrların idarəçilikdə irəli çəkilməsi, aqrar və sənaye infrastrukturun, ölkədaxili müstəqilliyin təmin edilməsi, neft sənayesinin müasir standartlara çatdırılması, ədəbi və mədəni sahədə milli intibaha nail olunması böyük Heydər Əliyevin hakimiyyətdə olmasının nəticəsi idi. Məhz bu illərdə Ümummilli lider Heydər Əliyev Azərbaycan qarşısında misilsiz xidmətlər göstərdi və xalq məhəbbətini qazandı. Bu tarixdən etibarən Heydər Əliyevin rəhbərliyi ilə respublikamız yalnız həyatın bütün sahələrində sürətli yüksəlişə qədəm qoymadı, eyni zamanda milli ruhun inkişafı, tərəqqisi dövrü başlandı. Gənclərimizin ittifaqın ən nüfuzlu ali məktəblərinə təhsil alınmasına nail olan Heydər Əliyev milli düşüncə sahiblərini imperiyanın repressiya
“maşını”ndan qorumaqla Vətən qarşısında fövqəlxidmətlər göstərdi. Ulu öndər Heydər Əliyevin atdığı hər addımda Azərbaycanın gələcəyini düşünməsinin şahidi oluruq və görülən işlər milli ruhun dirçəldilməsinə xidmət edirdi. Bu proseslər ölkəmizin müstəqilliyi üçün davamlı şəkildə zəmin yaradırdı. Tarix bir daha sübut etdi ki, Heydər Əliyevin siyasi səhnədə varlığı milli inkişaf dövrümüzün başlanğıcı oldu. Əgər Ulu öndər SSRİ rəhbərliyindən istefa verməsəydi, Azərbaycan heç zaman faciələr yaşamazdı. Danılmaz bir həqiqətdir ki, böyük Heydər Əliyevin siyasi səhnədə olmaması xalqımızın düşmənlərinin işinə yarıdı.
Çünki bu bədxah qüvvələrinin rahatlığını pozan Heydər Əliyevin ittifaq rəhbərliyində təmsil olunması idi. Heydər Əliyevin hakimiyyətdə olmaması dövründə Azərbaycan tarixin ən faciəli günlərini yaşadı. Həmin dövrdə fürsət gözləyən erməni separatizmi Kremldəki havadarlarına arxalanaraq Azərbaycana qarşı niyyətlərini açıq ifadə edərək ölkəmizə qarşı rəsmən ərazi iddiası irəli sürdülər. Tarix boyu torpağına, Vətəninə bağlı olan azərbaycanlılar tam heyəti ilə ayağa qalxsalar da, böyük liderin olmaması xalqımızı layiq olmadığı məğlubiyyətə uğratdı, faciələr, ağrılar qismətimiz oldu. O dövrdə baş verənləri təhlil etdikcə belə qənaətə gəlinir ki, Azərbaycan üçün tarix iki yerə ayrılır: imperialist sovet hakimiyyəti dönəmində Azərbaycanın milli inkişaf dönəmi və ideal müstəqiliyimizin əldə etmək imkanı olanda bunun əvəzinə faciələr və məğlubiyyətlər yaşamaq dönəmi. İki əks situasiya üçün tək bir fərq var idi: dahi liderin süni şəkildə xalqdan ayrı salınması!
Ümummilli liderin birinci hakimiyyət dönəmini təhlil etdikdə əminliklə demək olar ki, onun atdığı bütün addımlar və gördüyü tədbirlər məhz gələcək müstəqil Azərbaycana hesablanmışdı. Bugünkü Azərbaycan dövlətinin iqtisadi və siyasi yüksəlişinin təməl prinsiplərindən biri olan “Əsrin müqaviləsi” məhz Ulu öndərin sovet dönəmində başladığı neft islahatlarının yekunu idi. Çağdaş Azərbaycan Respublikasının bugünkü ərazi bütövlüyü və dünya dövlətləri tərəfindən birmənalı şəkildə qəbul olunmasının tarixi faktorlarından biri Zəfər savaşı və Müzəffər Al Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaət idisə, bu qalib ordunun milli zabit heyətinin formalaşması Ulu öndərin sovet antimilli üsul-idarəsi altında şəxsi nüfuzu və gücü hesabına Bakıda açılmasına nail olduğu C.Naxçıvanski adına hərbi liseylə bağlıdır. Tək bu iki fakt sübut edir ki, Ümumilli liderin 1969-cu ildə hakimiyyətə gəlişi ilə başladığı siyasi və iqtisadi islahatlar tam mənada müstəqil Azərbaycanın təməl daşları idi.
Bu baxımdan 1969-cu ilin 14 iyulu Xalq Cümhuriyyətinin yaranışından sonra dövlətçilik tariximizdə ən mühüm hadisədir. Ümumilli lider 1969-cu ilin 14 iyulundan başladığı prosesi dünya siyasi arenasında müstəqil Azərbaycan dövləti qurmaqla yekunlaşdırdısa, bu dövlətin inkişaf və zirvə nöqtəsinə çatmasını “mən ona özüm qədər inanıram” deməklə xalqımızı və dövlətimizi bu siyasi kursun ən layiqli davamçısına etibar etdi. Bu addım isə Ulu öndərin böyük və qüdrətli Azərbaycan layihəsinin başlanğıcı idi. 1969-cu ilin iyulundan başlanan bu yol isə Azərbaycanın nicatıdır.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı