30 iyul 2025 01:48
192

ABŞ-dakı erməni diasporu təşviş içində…

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmaya doğru getməsi ABŞ-dakı erməni lobbisini də təşvişə salıb. Odur ki, onlar müxtəlif ölkələrin qanunverici orqanlarına təzyiqlər göstərməklə Azərbaycana qarşı sanksiya və ya qətnamələrin qəbuluna çalışırlar.

 Bu günlərdə Amerika Erməni Assambleyası həmsədrlərinin - Oskar Tatosyan və Talin Yakubyanın Dövlət katibi Marko Rubioya etdikləri müraciət də bunu bir daha sübut edir.  Şübhəsiz, bu məsələdə Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı bildirdiyi fikirlərini öz sosial media platformasında paylaşması da müəyyən rol oynayıb. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə demişdir: “Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir”.

Bütün bunlar isə o deməkdir ki, ABŞ–Azərbaycan münasibətlərində son aylarda müşahidə olunan yaxınlaşma Amerika Erməni Assambleyasını ciddi şəkildə narahat edir. Odur ki, onlar iki ölkə arasında bu münasibətləri gözdən salmaq və ictimai rəydə ölkəmizlə bağlı mənfi təsəvvür yaratmaq istəyirlər. Bu mənada həmin müraciəti həm də rəsmi Vaşinqtonun Cənubi Qafqazda dəyişən mövqeyinə qarşı narazılığın ifadəsi kimi dəyərləndirmək olar.

Onlar müraciətlərində hazırda Bakıda mühakimə olunan separatçıları “qanunsuz saxlanılan erməni əsirlər” adlandırıblar. Halbuki, onlar Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlərə görə qanun qarşısında cavab verirlər. Əslində bununla Azərbaycan hüququn gücünə olan inamını və qətiyyətini nümayiş etdirir. Amma Amerika Erməni Assambleyasının həmsədrləri bu cinayətkarların timsalında "siyasi şou" düzəltməyə cəhdlər göstərməkdə davam edirlər.

Azərbaycanda ermənilərin “etnik təmizləməsi” və ya “onların hüquqlarının pozulması” kimi iddiaların da əks olunduğu müraciətdə həmsədrlər, həmçinin Qarabağı könüllü tərk edənlərin qayıtmaq hüququnu da təmin etməyə səsləyiblər. Müraciətin məzmunundan belə qənaətə gəlmək olar ki, onların bu addımı heç də hansısa humanitar məqsədlərə xidmət etmir. Bu, erməni diasporunun ABŞ vasitəsilə həyata keçirməyə çalışdığı növbəti təxribat aktıdır. Bunu həm də Trampın mövqelərini zəiflətməyə hesablanmış addım kimi dəyərləndirmək olar.

Yeri gəlmişkən qeyd edək ki, Amerika Erməni Assambleyası ABŞ-da fəaliyyət göstərən və dünyada ən tanınmış erməni diaspor təşkilatlarından biridir. Görünür, ABŞ–Azərbaycan münasibətlərində son aylarda müşahidə olunan yaxınlaşma, Trampın sosial şəbəkədə Prezident İlham Əliyevdən paylaşma etməsi Amerika Erməni Assambleyasını və bütövlükdə, erməni diaspor təşkilatlarını ciddi şəkildə narahat edir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan deyib: “Mən indiyə qədər Trampın nə Paşinyandan, nə də hər hansı bir ermənidən sitat gətirdiyini eşitməmişəm. Amma Əliyevdən sitat gətirib”. Onun fikrincə, bunu təsadüf kimi qiymətləndirmək olmaz. Bu, Bakının ardıcıl və strateji şəkildə qurduğu siyasətin nəticəsidir, erməni diplomatiyası isə pərakəndə və zəif görünür.  

Qvami Məhəbbətoğlu, “İki sahil”