13 sentyabr 2025 17:44
93

KİV: Misir NATO nümunəsi üzrə ərəb qüvvələrinin yaradılması ideyasını yenidən gündəmə gətirib

Misir region ölkələrini xarici hücumlardan qorumaq üçün NATO modelində birgə ərəb qüvvələrinin yaradılması təşəbbüsünü yenidən gündəmə gətirib.

“İki sahil” xəbər verir ki, bu barədə Livanın "Əl-Əxbar" qəzeti adı açıqlanmayan misirli rəsmiyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Qahirə ilk dəfə təxminən 9 il əvvəl belə bir təklif irəli sürsə də, məsələ tam inkişaf etməmişdi. Amma Yaxın Şərqdə baş verən son hadisələrin, o cümlədən İsrailin Dohaday hava hücumunun təşəbbüsə yeni təkan verdiyi güman edilir.

Misir 20 minə yaxın hərbçisini ayırmağı və lazım gələrsə, qüvvələrdən istifadə etməyə imkan verən mexanizm yaratmağı təklif edir. Alyansın ərəb ölkələrinin əhalisi və hərbi potensialı, regional və siyasi balansı nəzərə alınmaqla qurulması nəzərdə tutulur. Mərakeş və Əlcəzairdən olan hərbçilərin iştirakı, həmçinin komandanlıq mövqelərinin ölkələr arasında bölüşdürülməsi nəzərdən keçirilir.

"Qahirə birinci komandanlıq mövqeyini saxlamaq, ikincini isə Səudiyyə Ərəbistanına və ya Körfəz ölkələrindən birinə vermək istəyir", - rəsmi bildirib.