İsveçrənin ən böyük bankı UBS qərargahını Sürixdən ABŞ-a köçürməyi düşünür. Kredit təşkilatının rəhbərləri Donald Trampın ABŞ administrasiyasının nümayəndələri ilə danışıqlar aparır.
“İki sahil” xəbər verir ki, bu barədə "New York Post" mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, UBS strategiyada köklü dəyişiklik etməyə hazırlaşır. Buraya Amerika banklarından birini almaq və ya onunla birləşmə də daxil ola bilər. 162 yaşlı bank İsveçrə tənzimləyicisinin kredit təşkilatı üçün irəli sürdüyü yeni qaydalara görə ABŞ-a köçməyi düşünür.
Söhbət "təhlükəsizlik yastığı"nın 26 milyard dollar artırılması tələbindən gedir. UBS-in hesablamalarına görə, bu, bankın qlobal bazarda rəqabət aparmasını qeyri-mümkün edəcək. Nəşrin mənbələrinə görə, bank ABŞ-da daha yumşaq şərtlərə ümid edir.