KÖŞƏ

Zahid Rza

Bir-birindən qidalanan parazitlər

15 noyabr 2016 00:14
1793

“Milli Şura”nın sədri Cəmil Həsənli bugünlərdə öz “Facebook” səhifəsində bəzi cızma-qaralar edərək  yenə dağıdıcıların “xaç atası”, AXCP-nin rəhbəri Əli Kərimlinin “müdafiəsinə” qalxıb.

Təbii ki, buna görə heç kim C.Həsənlini qınaya bilməz. Söz, mətbuat, vicdan azadlığının bərqərar olduğu ölkədə, məkanda belə şeylər hər kəs tərəfindən normal qəbul olunur. Ə.Kərimlinin təxminən iyirmi ildən çox bir müddətdəki “siyasi” fəaliyyətinə bələd olanlar C.Həsənlinin bu komsomolçu-”vətənpərvərə”, daha doğrusu, bu tarixçi alimin də bir vaxtlar təmsil olunduğu düşərgənin “Pavlik Morozovuna” daim “vəkillik” etməsində də qeyri-adi heç nə görmürlər. Çünki onları birləşdirən dəyərlər var. Təmsil olunduqları  həftə-becər “komanda”nın rüsvayçı şəkildə hakimiyyətdən gedişindən sonra da bu saxta “demokrat”  cütlük iyrənc üsullardan, müxtəlif “texnologiyalardan” istifadə edərək öz korporativ maraqlarını təmin etməklə məşğul idilər. Şübhəsiz, bütün bunlar -”ideya və ideallara”, öz rəhbərinə xəyanətetmə, onu mətbuat vasitəsilə ən çirkin metodlarla gözdənsalma kampaniyası aparma sıravi “cəbhəçilər” tərəfindən Ə.Kərimli və onun ətrafındakı tör-töküntülərin mənəvi-psixoloji aşınması kimi qiymətləndirildi. Məhz bunlardan sonra az-çox özünə hörmət edənlər aldanaraq və ya aldadılaraq mindirildikləri  həmin “gəmini” tərk etdilər.  Ə.Kərimli isə C.Həsənli kimi korporativ maraqlar, şəxsi ambisiyalar naminə bütün dəyərlərə xəyanət edənləri yanına alaraq antiazərbaycan dairələrin yağlı qrant mərkəzləri ilə işbirliyinə girib dağıdıcı, pozucu fəaliyyətini daha da gücləndirdi. Erməni lobbisinin, Azərbaycan əleyhdarlarının çirkli pulları ilə yağ içində böyrək kimi bəslənən bu cütlük aldıqları qrant pullarını nağdlaşdırmaq üçün antimilli fəaliyyətlərinin coğrafiyasını daha da genişləndirdilər. O qədər simasızlaşdılar ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu ləkələmək üçün artıq bütün dünyada qərəzli, qeyri-obyektiv, çirkli pullarla maliyyələşən qurumlar kimi tanınan “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch”-a donoslar ötürərək “siyasi məhbus” və mühacir alverinə qurşandılar. Əslində heç kimə sirr deyil ki, bu parazitlər erməni lobbisinin çirkli pulları ilə qidalanaraq Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna kölgə salmağı, qara yaxmağı öz fəaliyyətlərinin əsas prinsipinə çeviriblər. Məsələ burasındadır ki, beynəlxalq siyasət və hüquqda ikili standartların hökmran olduğu bir dövrdə “Freedom House”, “Amnesty İnternational” və “Human Rights Watch” kimi öz “dəyər və prinsipləri”nə xəyanət edən təşkilatların reallıqları əks etdirməyən, qərəzli, məsuliyyətsiz bəyanatları, bəzən necə deyərlər, dünyanının nizam-intizamına cavabdeh nüfuzlu beynəlxalq təşkilatların, böyük dövlətlərin qanunvericilik orqanlarının nümayəndələrinin məruzələrinin əsas bazası rolunu oynayırlar.

Əslində Ə.Kərimli və C.Həsənlini hansı dəyərlərin birləşdirdiyini cəmiyyətimiz yaxşı bilir. Bu birliyin düz iyirmibeş illik bir tarixinin olduğu da hər kəsə məlumdur. Şəxsi ambisiyaları, öz mənafeləri naminə ən müqddəs dəyərləri ayaqları altına atan bu marginallar özlərinin 25 illik “siyasi” fəaliyyətləri boyunca xəyanətkarlığı normaya çevirərək antiazərbaycan dairələrin sifarişlərini yerinə yetiriblər.