20 noyabr 2016 00:48
348

İran OPEC-in Vyana sammitinə ümid edir

İran Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) noyabrın 30-da Vyanada keçiriləcək sammitində neft hasilatının məhdudlaşdırılmasına dair sazişin imzalanacağına ümidvardır.

AZƏRTAC “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşdən sonra deyib.

İranın neft naziri qeyd edib ki, sazişin bağlanması üzrə ehtimallar böyükdür.

“Ehtimal ki, noyabr görüşündə OPEC-ə üzv ölkələrin neft və energetika nazirləri razılığa gələcəklər. Düşünürəm ki, neft bazarında vəziyyət daha da yaxşılaşacaq”, - deyə Məhəmməd Barkindo bildirib.

Qeyd edək ki, sentyabrın sonunda OPEC-in Əlcəzairdəki qeyri-rəsmi görüşündə neft hasilatının sutkada 32,5-33 milyon barrel səviyyəsində məhdudlaşdırılması üzrə ilkin razılığa gəlinib.