Bakıda yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində “CarDoctor-Selfservice” ilk özünəxidmət avtomobillərin diaqnostika köşkü fəaliyyətə başlayıb. “İki sahil” xəbər verir ki, bununla da Azərbaycanın gənc startapı “CarDoctor” öz fəaliyyətinin davamı olaraq
“SOCAR PETROLEUM” QSC ilə əməkdaşlıq çərçivəsində yeni innovativ məhsulunu istifadəçilərin xidmətinə təqdim edib.
“SOCAR PETROLEUM” QSC-dən “İki sahil”ə bildirilib ki, ilk köşk Bakı-aeroport yolu istiqamətində yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 02 saylı yanacaqdoldurma məntəqəsində nəqliyyat vasitələri sahiblərinin istifadəsinə verilib.
Bu pilot layihə əsasında diaqnostika köşkü gələcəkdə SOCAR-ın bütün yanacaqdoldurma məntəqələrində quraşdırılaraq sürücülərin istifadəsinə veriləcək.
Universal avtodiaqnostika cihazı 400 modeldən çox minik və yük avtomobilləri üçün nəzərdə tutulub.
Avadanlıq vasitəsilə avtomobillərdə ortaya çıxacaq texniki nasazlıqların yerindəcə sürücülərə təqdim olunması və nəqliyyat vasitələri sahiblərinin rahat şəkildə öz yollarına davam etmələri mümkün olacaq. Belə ki, avtomobildə ortaya çıxacaq olan texniki nasazlıqlar haqqında məlumat dərhal aşkar edilir, silinir və çap olunaraq avtomobil sahibinə çatdırılır. Bununla da avtodiaqnostika terminalı avtomobil sahibinə müstəqil olaraq öz nəqliyyat vasitəsini ilkin müayinə etmək imkanı yaradır.
Diaqnostika üçün xidmət haqqı 10 manat müəyyən edilib.
Lakin bu ilin sonuna qədər xidməti test etmək istəyən sürücülərə 50 faizlik endirim təqdim olunur. Köşk hazırda yalnız nağd pul ödənişi ilə xidmət göstərir. Lakin gələcəkdə kontaktsız bank kartları və mobil telefonlar üzərindən də ödəniş etmək nəzərdə tutulub.
Bundan əlavə, köşklər nəqliyyat vasitələrinin texniki pasportlarının skaneri ilə də təchiz olunacaq.
İlk dəfə Azərbaycanda tətbiq olunan terminal artıq Rusiya, Ukrayna, Gürcüstan, BƏƏ və Almaniyadan olan iş adamlarının da marağına səbəb olub.
“SOCAR PETROLEUM” QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində quraşdırılmış avtodiaqnostika terminalının texniki xarakteristikaları, istifadə qaydaları və digər əlavə məlumatları www.cardoctor.az internet səhifəsindən əldə etmək mümkündür.
Ceygun Piriyev,
“İki sahil”