13 yanvar 2026 18:53
102

Su bəşəriyyətin ƏN QİYMƏTLİ SƏRVƏTİDİR

Azərbaycanda su təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır

Təxminən 4,54 milyard yaşı olan olan dünyamız bu gün az qala sonunu gətirəcək problemlərlə üz-üzədir.  Beynəlxalq təşkilatların hesabatlarına görə, hazırda 8 milyarddan çox insanın yaşadığı Yer kürəsisinin üz-üzə qaldığı təhdidlərdən biri də həyat üçün vacib mənbə, planetimizdəki bütün canlıların varlığı üçün əsas şərt, bəşəriyyətin ən qiymərli sərvətlərindən biri olan su qıtlığı bu gün bütün dünyanı narahata edir.

Müxtəlif səbəblərdən, ən əsası isə iqlim dəyişiklikləri, dünya əhalisinin artmasına görə su istehlakının çoxalması, sənaye inqilabları, urbanizasiya, kənd təssərrüfatında suvarma texnologiyasının çatışmazlığı, israfçılıq üzündən planetimizdəki mövcud içməli su mənbələri hazırkı ehtiyacları ödəyə bilməyəcək haldadır. Bu gün 43 ölkədə təxminən 700 milyon insan su qıtlığından iztirab çəkir. BMT-nin 2022-ci il su təhlükəsizliyi hesabatına görə, 2 milyard insan hələ də təhlükəsiz içməli su əldə edə bilmir. Birləşmiş Millətlər Təşkilatı başda olmaqla ayrı-ayrı beynəlxalq qurumlar bu məsələ ilə bağlı dəfələrlə həyəcan siqnalı veriblər. Bəzi nüfuzlu beynəlxalq təşkilatların, elmi- tədqiqat institutlarının hesabatlarına, dərin elmi-iqtisadi və siyasi təhlillərinə görə hazırda su qıtlığı səbəbindən biri-biri lə davamlı çəkişmələrdə, münaqişələrdə olan bəzi dövlətlər, xüsusilə Yaxın Şərq ölkələri arasında yaxın zamanlarda ciddi müharibələr ola bilər.

 Son vaxtlar nüfuzlu QHT- Beynəlxalq Hüquq Dərnəyi ( İnternational Law Assaciation) təşkiltaı və BMT-nin Beynəlxalq Hüquq Komissiyası başda olmaqla bəzi qurumlar su qıtlığı səbəbindən dövlətlər arasında yarana biləcək münaqişələrin beynəlxalq hüquq çərçivəsində həll edilməsi üçün bəri başdan hüquq qaydalarınının müyyən edilməsi üzərində işləri davam etdirilər.

Şirin su ehtiyatlarının azalması dünya üçün ciddi bir təhlükə təşkil edir. Dünya Su Şurasının 2020-ci il hesabatına görə, dünyadakı şirin su ehtiyatlarının 60 faizi artıq yüksək tələbat səbəbindən ciddi şəkildə azalmışdır.   Bu qurumun 2022-ci il hesabatına görə, dünya üzrə şirin su ehtiyatlarının 30 faizi sənaye tullantıları və kənd təsərrüfatı kimyəvi maddələri səbəbindən çirklənmişdir. Dünya Bankının 2022-ci il hesabatına görə, dünya üzrə quraqlıq hadisələri son 50 ildə 20 faizi artmışdır ki, bu da su resurslarının azalmasını daha da dərinləşdirir. 

Çox təssüf ki, bu gün bütün bəşəriyyəti narahat edən su problemi  palnetimizin bir parçası olan doğma Azərbaycanımızı da qayğılandıran məsələlərdən biridir. Mütəxəssislərə görə, respublikamızın ərazisinin təxminən 3/4  hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayın qonşu dövlətlərin ərazilərində çirklənməsi ekoloji gərginlik yaradır. Qonşu ölkələr tərəfindən təmizlənməmiş tullantı sularının Kür və Araz çaylarına axıdılması onun hidrokimyəvi rejiminə və suyunun keyfiyyətinə mənfi təsir göstərir. Həmçinin ekspertlərin bildirdiklərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də ekoloji əhəmiyyətə malik su obyektləri ciddi antropogen təsirlərə məruz qalıb. Bu ərazilərdə şirin su mənbələri ermənilər tərəfindən çirkləndirilib, dağıdılıb və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb.

Respublikamızın su təhlükəsizliyinin təmin edilməsi daim ölkə rəhbərliyinin diqqətində olub.  Son illərdə həyata keçirilən layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün respublikamızın su təhlükəsizliyi ilə bağlı olan məsələlər çox ciddi problemlər yarada bilərdi. Son 20 ildə ölkədə 500 milyon kubmetrdən artıq tutuma malik dörd böyük su anbarı inşa edilib. Sistemli həllin nəzərdə tutulduğu Dövlət Proqramının əhatəsi çərçivəsində kanalizasiya xidməti dairəsini mövcud 50 faizdən 95 faizə çatdırılması, su təsərrüfatında itkilərin 40-45 faiz səviyyəsindən təxminən 20 faizə endirilməsi nəzərdə tutulur

Son illərdə istifadəyə verilən“Taxtakörpü” və “Şəmkirçay” su anbarları Bakının, Abşeron yarımadasının və qərb bölgələrinin su təminatında həlledici rol oynayıb. Samur-Abşeron kanalı və Oğuz-Qəbələ-Bakı su kəməri yenidən qurularaq Bakının dayanıqlı su təminatının əsas dayaqlarına çevrilib. “Ceyranbatan” su anbarı və sutəmizləyici kompleksi tam modernləşdirilib.

 İşğaldan azad edilmiş ərazilərdə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxça” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının -“Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur.

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə dövlət başçısı bildirib ki, ölkəmizdə su təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Proqram çərçivəsində su ehtiyatlarının artırılması və dayanıqlı idarə olunması üçün ölkə üzrə təxminən 30 yeni su anbarının inşası həyata keçiriləcək. Bununla yanaşı, Bakı şəhərinin 30 küçəsində yeni yağış suyu kollektorları yaradılacaq ki, bununla da intensiv yağıntılar zamanı küçə və yolların su altına qalması və daşqın risklərinin minimuma endirilməsi təmin ediləcək, texniki su bazası yaradılacaq.

Prezident İlham Əliyev müşavirədə deyib: “Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir”.

 Ölkə rəhbərliyi daim respublikamızda su probleminin həlli üçün həyati əhəmiyyətli addımlar atır, irimiqyaslı layihələr həyata keçirir. Biz vətəndaşlar da ölkəmizdə bəşəriyyətin ən qiymətli sərvəti olan su ehtiyatlarının qorunması üçün əlimizdən gələi etməli, israfçlığa yol verməməliyik. Axı hamımız yaxşı bilirik ki, Azərbaycan Cənubi Qafqazın ən az su resurslarına malik ölkəsidir. 

Zahid Rza, “İki sahil”