13 yanvar 2026 18:55
199

Regionlarda generasiya gücünün artırılmasında Prezidentin rolu

XXI əsrdə qlobal enerji təhlükəsizliyi, iqlim dəyişmələri və dayanıqlı inkişaf anlayışları dövlətlərin strateji prioritetləri sırasında xüsusi yer tutur. Karbon əsaslı enerji mənbələrindən asılılığın azaldılması, ekoloji cəhətdən təmiz və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi rəqabətqabiliyyətlilik və milli təhlükəsizlik məsələsi kimi çıxış edir. Bu baxımdan Azərbaycan Respublikası zəngin karbohidrogen ehtiyatlarına malik ölkə olmaqla yanaşı, son illərdə bərpaolunan enerji sahəsində ardıcıl və sistemli siyasət yürüdən dövlətlərdən birinə çevrilmişdir. Bu strateji dönüşün mərkəzində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqgörən siyasi iradəsi, institusional islahatlara verdiyi önəm və uzunmüddətli inkişaf konsepsiyası dayanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti təkcə neft-qaz sektorunun inkişafı ilə məhdudlaşmır, eyni zamanda ölkənin enerji balansının şaxələndirilməsi, regionlarda generasiya gücünün artırılması və yaşıl enerji zonasının formalaşdırılması kimi mühüm hədəfləri əhatə edir.

Azərbaycanın coğrafi mövqeyi və təbii-iqlim şəraiti bərpaolunan enerji mənbələrinin inkişafı üçün geniş imkanlar yaradır. Günəş enerjisi, külək enerjisi, su ehtiyatları, bioenerji və geotermal resurslar ölkənin enerji potensialının mühüm tərkib hissəsini təşkil edir. Xüsusilə Abşeron yarımadası və Xəzər dənizi hövzəsi külək enerjisi baxımından, Naxçıvan Muxtar Respublikası və Qarabağ–Şərqi Zəngəzur iqtisadi rayonları isə günəş enerjisi baxımından yüksək potensiala malikdir. Cənab Prezident İlham Əliyev bu potensialın yalnız texniki imkan kimi deyil, strateji inkişaf aləti kimi dəyərləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyən etmişdir. Dövlət başçısının çıxış və proqram sənədlərində bərpaolunan enerjinin inkişafı enerji təhlükəsizliyi, ixrac potensialının genişləndirilməsi və ekoloji tarazlığın qorunması ilə birbaşa əlaqələndirilir. Bu yanaşma Azərbaycanda enerji siyasətinin klassik resurs yönümlü modeldən innovativ və dayanıqlı modelə keçidini təmin etmişdir. Bərpaolunan enerji sahəsində əldə olunan nailiyyətlərin əsasını güclü siyasi iradə və məqsədyönlü institusional islahatlar təşkil edir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş strateji yol xəritələri, dövlət proqramları və normativ-hüquqi aktlar bu sahədə investorlar üçün əlverişli mühit yaratmışdır. Enerji bazarında liberallaşma elementlərinin tətbiqi, dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi və beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq bərpaolunan enerji layihələrinin reallaşmasına real zəmin yaratmışdır. Cənab Prezident İlham Əliyevin bu istiqamət üzrə fəaliyyəti sistemli idarəetmə, strateji planlaşdırma və icra intizamının təmin olunması ilə səciyyələnir. Dövlət başçısı bərpaolunan enerji sahəsini ölkənin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsi kimi dəyərləndirərək, bu sahədə qərarların yalnız cari tələbatı deyil, gələcək nəsillərin maraqlarını da nəzərə almasını prioritet kimi müəyyən etmişdir. Onun rəhbərliyi altında enerji siyasəti elmi əsaslara, beynəlxalq təcrübəyə və milli maraqların balansına söykənən kompleks yanaşma üzərində qurulmuşdur.

Cənab Prezident İlham Əliyevin şəxsi təşəbbüsləri və birbaşa nəzarəti nəticəsində bərpaolunan enerji layihələrinin icrasında institusional koordinasiya gücləndirilmiş, dövlət orqanları arasında funksional bölgü dəqiqləşdirilmişdir. Bu isə layihələrin vaxtında və səmərəli icrasına, texnoloji risklərin azaldılmasına və maliyyə resurslarından optimal istifadəyə imkan yaratmışdır. Beləliklə, Cənab Preziden İlham Əliyevin liderliyi bərpaolunan enerji sahəsində yalnız siyasi dəstək deyil, eyni zamanda praktik nəticələr doğuran idarəetmə modeli formalaşdırmışdır. Xüsusilə son illərdə imzalanmış beynəlxalq sazişlər və iri həcmli investisiya müqavilələri Cənab Prezident İlham Əliyevin enerji diplomatiyasının uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısının birbaşa nəzarəti və dəstəyi ilə həyata keçirilən günəş və külək elektrik stansiyalarının tikintisi regionlarda generasiya gücünün artırılmasına, enerji itkilərinin azaldılmasına və yeni texnoloji biliklərin ölkəyə transferinə xidmət edir.

Cənab Prezident İlham Əliyevin enerji siyasətinin mühüm istiqamətlərindən biri regionların balanslı inkişafının təmin edilməsidir. Bərpaolunan enerji layihələrinin məhz regionlarda reallaşdırılması yerli iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və infrastrukturun yenilənməsinə mühüm töhfə verir. Bu layihələr mərkəzləşmiş enerji təchizatından asılılığı azaldaraq regionların enerji müstəqilliyini gücləndirir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin “yaşıl enerji zonası” elan edilməsi Cənab Prezident İlham Əliyevin strateji baxışının bariz nümunəsidir. Bu yanaşma həmin ərazilərin bərpasını müasir ekoloji standartlar əsasında həyata keçirməyə, eyni zamanda uzunmüddətli iqtisadi dayanıqlığı təmin etməyə imkan verir. Günəş və su elektrik stansiyalarının inşası regionun generasiya gücünü artırmaqla yanaşı, ölkənin ümumi enerji sisteminə əlavə çeviklik qazandırır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə daxili enerji təhlükəsizliyini təmin edən ölkə deyil, eyni zamanda regional enerji mərkəzinə çevrilmişdir. Bərpaolunan enerji sahəsində əldə olunan təcrübə və yaradılan infrastruktur ölkənin Avropa və qonşu regionlarla enerji əməkdaşlığında yeni mərhələnin əsasını qoyur. Xüsusilə “yaşıl enerji”nin ixracı perspektivi Azərbaycanın enerji strategiyasını keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Bu kontekstdə Cənab Prezident İlham Əliyevin beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslər, iqlim dəyişmələri və dayanıqlı inkişaf mövzusunda qlobal çağırışlara verdiyi konstruktiv töhfələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir. Dövlət başçısının liderliyi ilə ölkə enerji keçidi prosesində fəal iştirak edən və nümunəvi model təqdim edən dövlət kimi tanınır.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması və regionlarda generasiya gücünün artırılması təsadüfi proses deyil. Cənab  Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü və strateji siyasətinin məntiqi nəticəsidir. Dövlət başçısının siyasi iradəsi, institusional islahatlara verdiyi önəm və beynəlxalq əməkdaşlığa açıq yanaşması ölkənin enerji sektorunda keyfiyyətcə yeni mərhələ formalaşdırmışdır. Bu gün Azərbaycan bərpaolunan enerji sahəsində yalnız potensiala malik ölkə deyil, real layihələr və konkret nəticələr əldə edən dövlət kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin əvəzolunmaz rolu sayəsində formalaşan bu model uzunmüddətli perspektivdə ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ekoloji dayanıqlığın təmin olunmasına və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.

Vüsal Məmmədzadə,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı