Sosial Xidmətlər Agentliyi ötən il 245 imtiyazlı şəxsə əmək veteranı adı və vəsiqəsi verib.
“İki sahil” xəbər verir ki, bunu Agentliyin sədri Vüqar Behbudov qurumun 2025-ci il üzrə yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 24 min imtiyazlı şəxs 30 manat məbləğində birdəfəlik maddi yardımla təmin edilib:
"Keçən il şəhid ailələri, Vətən müharibəsi əlilləri, əlilliyi olan digər şəxslər də daxil olmaqla 1 620 imtiyazlı şəxs sanator-kurort yollayışı ilə təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. Onlardan 96 nəfəri şəhid ailəsi üzvləridir. Agentlik fəaliyyətə başladığı 2020-ci ildən bu günədək yollayışla təmin edilən şəxslərin sayı 14 mindən çoxdur".
Sədr əlavə edib ki, ötən il 3 888 vətəndaşa evdə (səyyar) sosial xidmət göstərilib:
"Həmin şəxslərdən 2 969 nəfəri qadın, 919 nəfəri kişi olub. Xidmət göstərilən vətəndaşların 3 595 nəfəri ahıl, 293 nəfəri yaşı 70 yaşdan aşağı olan şəxslər olub. Ən yaşlı vətəndaşımız Nina Ryabsevadır və onun 102 yaşı var. Artıq 37 ildir bu xidmətdən yararlanır".